Azərbaycanda dollar alışı 6 dəfə azaldı
Azərbaycanda dollara tələb azalıb. Bu ilin yanvar-mart ayları ərzində xarici valyutanın xalis satışı ötən ilin eyni dövrünə nəzərən 6 dəfə düşüb.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda bankların nağd xarici valyuta alqı-satqısı üzrə ümumi əməliyyatları 971 milyon dollar olub. Bu, ötən ilin I rübünə nəzərən 19,7% azdır.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların 83.1%-ni ABŞ dolları təşkil edib”, - deyə məlumatda bildirilir.
I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən rübə nəzərən 8% azalaraq 6.8 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 80.6%-i ABŞ dollarında, 19.4%-i isə digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 21.3%-i banklararası valyuta bazarında (BVB), 78.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
I rübdə BVB-də əməliyyatların 98%-i ABŞ dollarında aparılıb. Hesabat dövründə BVB-də əməliyyatların həcmi 35% azalaraq 1.4 milyard dollar ekvivalentində olub. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi $5.3 milyard ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 3.4% çoxdur. Əməliyyatların 76%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.