Süni zəkanın bu sahələrdə istifadəsi qadağan edildi - SİYAHI
Avropa Parlamenti süni zəka sistemlərinin tərtibatçıları üçün müəyyən qaydaları və tələbləri müəyyən edən AI Act adlı qanunu qəbul edib.
ENA.az xəbər verir ki, AI Act Avropada süni zəkanın istifadəsini təhlükəsiz, şəffaf, ekoloji və etik inkişaf etdirməyə hədəflənib. Bu qanun süni zəka tərəfindən ola biləcək istənilən riskin səviyyəsindən asılı olaraq tərtibatçılar və istifadəçilər üçün öhdəliklər müəyyən edir.
İstifadəçilərin təhlükəsizliyi üçün yüksək risk səviyyəsinə malik süni zəka sistemləri isə qadağan edilir. Bu cür sistemlərə misal olaraq şüuraltı və ya məqsədyönlü manipulyasiya üsullarından və insanların zəifliklərindən istifadə edən, o cümlədən sosial qiymətləndirmənin aparılmasında istifadə edilən sistemləri göstərmək olar. Avropa Parlamenti həmçinin süni zəkanın tətbiqini qadağan edən sahələrin siyahısını da hazırlayıb.
Siyahıya daxildir:
- İctimai yerlər də daxil olmaqla insanların uzaqdan biometrik identifikasiyaları. Bu məsələdə hüquq-mühafizə orqanları istisnadır. Lakin bu halda texnologiyadan istifadənin icazəsi üçün ilk növbədə məhkəmə qərarı lazım olacaq
- Həssas göstəricilərin (insanın cinsi, irqi, etnik mənsubiyyəti, vətəndaşlığı, dini inancı, siyasi baxışları və s.) istifadəsi ilə insanların biometrik kateqoriyalara ayrılması
- Proqnozlaşdırma xarakterli polis sistemləri
- Hüquq-mühafizə orqanlarında, sərhəd xidmətlərində, iş yerlərində və təhsil müəssisələrində insanların emosiyalarının təyin edilməsi
- İnsanların üz identifikasiyası üzrə məlumatlar bazasının yaradılması üçün sosial şəbəkələrdən və video müşahidə kameralarından biometrik məlumatların fərq qoymadan əldə edilməsi.