Gündəm

Çovdarovun əmlakı qaytarılmayacaq - Qərar dəyişdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması qərarından verilmiş prokurorun protestinə və maraqlı şəxsin şikayətinə baxılıb.

Keçmiş MTN generalı Akif Çovdarovun müsadirə istənilən əmlakları ilə bağlı protest təmin edilib.

Məlumata görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

İclasda Akif Çovdarovun yaxınlarına məxsus 13 milyon 342 min manatlıq əmlakın müsadirəsi ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş protestə baxılıb. Məhkəmə əmlakların cinayət vasitəsilə əldə edilmiş pullarla alındığı qənaətinə gəlib. Bu əsasla protest təmin edilib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb. 2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)