İqtisadiyyat siyasətsiz deyil
2019-cu ilin ilk günlərində Brent markalı neft 10,8%, WTI isə 7,4% bahalaşıb – bu, iyun ayından etibarən ən yüksək bahalaşma tempi olub. Səudiyyə Ərəbistanı və Liviyada neft hasilatının azalması, əsasən, ABŞ-da xam neft ehtiyatlarının azalması ehtimalı, həmçinin Vaşinqton və Pekin arasındakı ticarət danışıqlarına ilə bağlı optimist gözləntilər buna səbəb olub, çünki danışıqlar dünyanın iki böyük iqtisadiyyatı arasında gərginliyin azalmasına gətirə bilər.
Azərbaycan üçün bu, 2019-cu ildə ölkənin hasilatı 20 min barel/sutka azaldaraq 776 min barel /sutka səviyyəsinə qədər azaltmaq deməkdir. Halbuki ilk başdan azalmanı 2018-ci ilin oktyabrına görə apararaq bu göstəricini 763 min barelə qədər azaltmaq düşünülürdü. Bu düzəlişə baxmayaraq, ölkənin OPEK+ qarşısında olan öhdəliklərini yerinə yetirəcəyinə heç bir şübhə yoxdur. OPEK və OPEK-ə daxil olmayan ölkələr arasında razılaşmanın mövcud olduğu bu iki il ərzində Azərbaycan götürdüyü öhdəlikləri qaydasında yerinə yetirir.
OPEK+ müqaviləsi üzrə hasilatın ən böyük azalması Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin payına düşür. Özü də, Rusiya Federasiyası hasilatı gündə 230 min barel azaldaraq 11,191 milyon barelə endirmək məcburiyyətindədir. Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak bildirib ki, 2019-cu ilin birinci rübündə ölkə bu göstəriciyə nail ola biləcək.
OPEK+ anlaşmasının effektivliyi ilə bağlı nəticə çıxarmaq üçün, hələ ki, tezdir. Bu il fevralın sonu - mart ayının əvvəlində Bakıda OPEK və OPEK+-in Monitorinq Komitəsinin iclasının keçirilməsi planlaşdırılır ki, orada neft bazarındakı vəziyyət və 2018-ci ilin yayında əldə olunmuş balansın bərpası üçün lazım olan tədbirlər müzakirə ediləcək. Görüşün dəqiq tarixi də razılaşdırılacaq.
Aprel ayında OPEK+ ölkələri neft bazarında vəziyyətin qiymətləndirilməsi və hasilatın azaldılması ilə bağlı razılaşmaya yeni lazımi düzəlişlər etmək üçün bir daha görüşəcəklər. Buna baxmayaraq, bir sıra ekspertlər indidən hesab edirər ki, davam etməyə etməyə ehtiyac olmayacaq.
Səudiyyə Ərəbistanın enerji naziri Xalid əl-Falih, əksinə, tam əmindir ki, OPEK+ müqaviləsi uzadılacaq. Səudiyyənin Enerji Nazirliyinin rəhbəri öz baxışını onunla əsaslandırır ki, OPEK+ ölkələri üçün neft bazarında balanslaşdırmaya nail olmaq üçün daha çox vaxt lazımdır. "Aprel ayında görüşəcəyik və mən əminəm ki, biz onu uzadacağıq. OPEK+ sazişi 2019-cu ildə neft bazarında balans əldə etməyə imkan verəcək", - deyə Al-Falih qeyd edib.
«Citigroup»un analitiki Ed Morse hesab edir ki, OPEK+ ABŞ-a görə yenə istehsalı azaltmağa məcbur olacaq. " OPEK+ anlaşması anbar ehtiyatlarının azalmasına və neft qiymətlərinin artmasına gətirib çıxaracaq ki, bu da ABŞ-ı və digər ölkələri istehsalın artmasına səbəb olacaq. Amerikanın neft istehsalında artımı ehtiyatların artmasına səbəb olacaq və OPEK+ ölkələri istehsal həcmlərini azaltmaqla bağlı qərar vermək üçün yenidən bir araya gələcəklər. Bu vəziyyət dəfələrlə təkrarlanacaq ", - deyə ekspert hesab edir. Onun qiymətləndirməsinə görə, qiymətlər 70-75 barelə çatdıqda, Birləşmiş Ştatlar istehsalı və ixracı artırmağa başlayacaq.
Yeri gəlmişkən, OPEK və qeyri-OPEK ölkələrinin əməkdaşlığı üçün ayrı bir təşkilatın yaradılması planlaşdırılmır, hər şey könüllü bir xartiyanın qəbul edilməsi ilə məhdudlaşır. Sənəd artıq 90% hazırdır, sadəcə aydınlıq tələb edən bəzi nüanslar var.
"Bəyannamədə bir növ qarşılıqlı təsir mexanizmi nəzərdə tutulur: necə toplaşmaq, birgə memorandumları və qətnamələri necə müzakirə etmək və qəbul etmək barədə. Qoşulma könüllü əsasdadır: qoşulduq, razılığa gəldik – işləyirik, kim razı olmadı, qoşulmadı, anlaşmada iştirak edə bilməz. Bu, bir növ ictimai qeyri-rəsmi təşkilatdır "- deyə A.Novak bildirib.
Əslində, neft istehsal edən ölkələrin yeni bir təşkilatının formalaşması, xarici opponentlər tərəfindən sistematik şəkildə hücuma məruz qalan OPEK-in ciddi zəifləməsi və hətta dağılması ilə nəticələnə bilər, çünki təşkilat üzvləri arasında siyasi ziddiyyətlər daima artır.
Kartel imicinə böyük zərbə Qətərin OPEK-dən çıxması ilə dəydi. Qətər bu addımın qaz layihələrinə diqqəti artırmaq istəyi ilə əsaslandırdı. Doha ilə Riyad arasındakı münasibətlərin vəziyyəti nəzərə alınarsa, Qətərin Səudiyyənin açıq bir şəkildə liderlik etdiyi karteli tərk etmək qərarı olduqca təbiidir və heç də gözlənilməz olmadı. Belə vəziyyətdə Qətərın gedişi gec və tez baş verməli idi.
"OPEK-dən çıxmaq qərarı, böyük ehtimalla, yalnız diqqəti qaz və ya neft hasilatına yönəltməklə bağlı deyil (əlbəttə ki, biz ilk növbədə qaz istehsal edən ölkəyik), həm də onunla bağlıdır ki, OPEK tədricən az sayda ölkələr qrupunun əlində bir vasitəyə çevrilir, halbuki qurum bütün üzvlərinin mənafeyinə eyni dərəcədə xidmət etməlidir ", - deyə Qətərin Rusiyadakı səfiri Fahad ben Muhammed əl-Attıyə bildirib.
Diplomat qeyd edib ki, onun şəxsi fikrincə, "OPEK siyasətləşdirilmiş bir təşkilat halına gəlir" və neft qiymətlərinin bu yaxınlarda düşməsi buna nümunədir. «Mən neft qymətlərinin düşməsi və jurnalist Kaşıkçının öldürülməsi arasındakı əlaqəni istisna etmirəm. Səudilər amerikalılara, xüsusən də prezident Trampa xoş gəlmək üçün bu düşməyə səbəb ola bilərlər»,- deyə o vurğulayıb.
"OPEK-in səbətində bizim payımız ən kiçik – təxminən, 650 min barel idi. Eyni zamanda, biz dünyanın ən iri sıxılmış təbii qaz istehsalçısıyıq, Qətərin enerji naziri Saad əl-Kaabinin dediyi kimi, məhz bunda da səylərimizi cəmləşdirəcəyik", - deyə səfir vurğulayıb.
Qətərin OPEK-dən çıxması, kartelin ümumi istehsalında ölkənin payının kiçik olması üzündən, neft bazarına böyük təsir göstərməyib. Amma onların ardıqca başqaları - maraqları təşkilatın qərarlarının əksinə olanlar da gedə bilərlər. Bununla yanaşı, ekspertlərin fikrincə, yaxın gələcəkdə İran və İraq kimi iri neft istehsalçılarının kartel tərk etmək ehtimalı çox yüksək deyil. OPEK-ə üzv ölkələrlə birlikdə bazara təsir etmək daha asandır.
Neftin gələcək qiymətlərinə gəldikdə isə, son illərin təcrübəsi göstərir ki, əvvəldən, proqnozlaşmayanı proqnozlaşdırmaq mümkün deyil, xüsusilə də bir il əvvəldən, özü də birja dəyərinin bu və ya digər regionda gərginliyin artması ilə, yaxud dünya supergüclərinin liderlərindən hər hansı birinin ifadələri üzündən sıçraya və ya kəskin enə bilən bir məhsul üçün. İstənilən halda, sorğuya cəlb edilmiş 13 investisiya bankı təmsilçisinin sözlərinə görə, 2019-cu ildə Brent markalı neftin orta qiyməti barel üzrə 69 dollardan çox ola olacaq, WTI isə barel üzrə 63 dollardan azacıq baha satılacaq.
«Jefferies» analitikləri gözləyir ki, Brent neftinin orta qiyməti barrel üzrə 65,75 dollar, WTI-nin qiyməti isə
56,75 dollar olacaq. «Citi» isə proqnozlaşdırır ki, 2019-cu ildə Brent üçün orta qiymət barel üzrə 60 dollar, WTI üçün isə 49 dollar səviyyəsində olacaq.
Göründüyü kimi, bütünlükdə, proqnozlar pessimist deyil, əksinə, çox hallarda neft istehsal edən ölkələr, o cümlədən Azərbaycan üçün müsbətdir. Lakin neft bazarının 0gözlənilməzliyi nəzərə alınarsa, bunların nə qədər özünü doğruldacağını zaman göstərəcək.