Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
ENA.az xəbər verir ki, görüşdə çıxış edən Prezident Emoməli Rəhmon dedi:
– Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram.
Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm.
x x x
Prezident İlham Əliyev dedi: Sağ olun, Emoməli Şərifoviç. Əvvələn, dəvətə görə təşəkkür edirəm. Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam.
Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Prezident Emoməli Rəhmon: Çox sağ olun.