ABA: “Bank sisteminin çökməsi” və "əmanətlərin dondurulması” xəbərləri təxribat xarakteri daşıyır"
Azərbaycanda sosial şəbəkələrdə “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları ilə paylaşımlar təxribat xarakteri daşıyır.
ENA.az bu barədə Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir.
Bildirilir ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır:
"2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır.
Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45,7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 % çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15,4 %, ilin əvvəlinə nəzərən isə 163 milyon manat artaraq, 19,8 milyard manata yüksəlib.
Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11,7 milyard manata yüksəlib ki, bu da illik 18,1 %, ilin əvvəlinə nəzərən isə 1,5 %-lik artımın olduğunu göstərir.
Bank sektorunun kapitalının həcmi də artaraq, 5,7 milyard manat təşkil edib. Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrünə nəzərən 13,3 %, ilin əvvəlinə nisbətən isə 2 % yüksəlib".
Assosiasiya bildirir ki, sektorun mənfəətliliyi də yüksək səviyyədə qalmaqda, ötən ilki göstəriciləri daha da üstələməkdədir: "Belə ki, bu ilin yanvar-fevral aylarında sektorun faiz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 %, qeyri-faiz gəlirləri 23,6 %, xalis mənfəəti isə 44,6 % artıb, xalis mənfəəti 155,7 milyon manat təşkil edib.
Cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 % artaraq, 13 milyon 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 2 milyard 877 milyon manata çatıb".
Yuxarıda qeyd olunanları nəzərə alaraq Assosiasiya ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağa çağırır.