“Yağışdan sonrakı göbələk kimi artan” turagentlərə kim nəzarət edir?
Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan istiqamət növlərinin siyahısından çıxarıldıqdan sonra ölkədə turizm şirkətləri yağışdan sonra çıxan göbələklər kimi artmağa başlayıb. Bu da özü ilə bərabər məsuliyyətsizliklər gətirib.
Dəfələrlə ölkəyə gələn turistlərin problem yaşaması barədə məlumatlar yayılıb. Bir neçə gün öncə Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib.
Durmadan artan turizm şirkətlərinə nəzarət varmı?
Bİ.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib ki, agentlik sağlam rəqabəti dəstəkləyir:
“Bundan artığı biznes nümayəndələrinin özlərinə aiddir”.
2018-ci ilin ilk səkkiz ayında Azərbaycana iki milyon xarici vətəndaş səfər edib. Avqust ayında Azərbaycana gəlmiş xarici səyahətçilərin sayı 2017-ci ilin avqust ayı ilə müqayisədə 4.7 faiz artaraq, 320 minə çatıb.
Paytaxtda fəaliyyət göstərən bir neçə turizm şirkəti ilə əlaqə saxladıq. Onlar bizi əmin etməyə çalışdılar ki, turistlərin təhlükəsizliyini tam təmin edirlər.
“Ames Travel”in əməkdaşı Azər Əhmədzadə bildirib ki, Azərbaycanda turizm müəssisələrindən lisenziyanın yığışdırılması yeni turizm şirkətlərinin yaranması ilə nəticələnib:
“Bu şirkətlərin əksəriyyəti subagent kimi fəaliyyət göstərirlər. Turistlər onların müştəriləri, özləri isə iri korperativlərin, turagentlərin və ya BHNA (İATA - İnternational Air Transport Association) qeydiyyatlı şirkətlərin müştəriləri olurlar.
Bazarda fəaliyyətdə olan şirkətlər isə müştərilərə daha rəngarəng təkliflər vermək üçün müxtəlif xidmətlər təklif edirlər. Bunun üçün onlar sığorta şirkətləri ilə, səfirliklərlə (və ya viza üçün dəstək göstərən şirkətlər), hotel və restoranlarla, aviaşirkətlərlə, hazır turpaket satan şirkətlərlə, bələdçilərlə daim əlaqədə olurlar.
Turizm şirkətləri müştəriyə maksimum dərəcədə aşağı qiymətə yüksək keyfiyyətli xidmət təklif etməyi özlərinə borc bilirlər”.
Azər Əhmədzadə bildirib ki, əksər şirkətlər turizmlə bağlı olan bütün xidmətləri özlərində cəmləşdirməyə çalışırlar:
“Yerli şirkətlər daim inkişaf etməyə can atırlar və standart təkliflərdən əlavə olaraq stereotipləri aşaraq, bazarda müştəriyə yeni bir məhsul təqdim etmək istəyirlər. Lakin bu paketi yığmaq üçün güc yetərsizliyi olduğundan şirkət problemlərlə qarşılaşır. Məsələn, Azərbaycanda hər hansı bir şirkət Arktika və ya Antraktikaya tur təşkil etsə, çoxlu problemlərlə üzləşəcək. Adətən, yaranmış problem qiymətin yüksəkliyi ilə müşayiət olunur.
Bu səbəbdən şirkətin bazar nüfuzu mənfiyə doğru irəliləyə bilər. Hər bir şirkət ona müraciət etmiş müştəri üçün ən uyğun paketi hazırlayır. Bu, yalnız aviabilet, hotel, transfer, yaxud hazır paket də ola bilər. Şirkət müştəri üçün məhsul hazırlayarkən həm təklif, həm də müştərinin tələbinə uyğun məhsul təklif edə bilər. Bəzən şirkətlər “müştəri müştəri gətirər” psixologiyası ilə az mənfəətli məhsulu da müştəriyə satır. Təbii ki, bu da xidmət keyfiyyətini yüksək tutmaq məqsədilə atılmış addımdır.
Müştəriyə satılmış aviabiletin uçuşdan öncəki qeydiyyatını şirkətin əməkdaşının onlayn həyata keçirməsi belə xidmət keyfiyyətinin yüksəlidilməsinə doğru atılmış addımdır. Bəzi hallarda şirkətlər onlara lazım olan məhsulu öz tərəfdaşlarından hər hansı səbəbdən ala bilmirlər. Buna görə şirkətlər müştərini narazı yola salmamaq üçün bazarda yeni əməkdaş axtarışına çıxırlar”.
Millət vəkili Hadi Rəcəblinin sözlərinə görə, Azərbaycanda turizmin yaxın gələcəkdə iki dəfə artma ehtimalı var:
“Artıq iki ildir ki, turizm haqqında qanun üzərində Milli Məclisin Əmək və sosial siyasət komitəsində iş gedir. Dünya təcrübəsi öyrənilir, onların mövcud qanunlarının bir qismi tərcümə olunur. Bizdə model qanunlar da var və üzərində ardıcıl işlər aparılır. İlkin variantda olan qanun böyük həcmli idi. Hissə-hissə həcmlər ümumiləşdirildi. Bu gün 30-40 səhifəlik qanun üzərində işləyirik”.
Hadı Rəcəbli bildirib ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı ardıcıl iş aparılır:
“Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər, ASAN imzanın yaradılması və digər işlər göz önündədir. Azərbaycanda turizm üzrə kadrlar hazırlanır. Yalnız Azərbaycan Turizm və Menecment Universitetində deyil, kolleclərdə, peşə məktəblərində də turizm üzrə kadrlar yetişdirilir. Azərbaycanda turizmin yaxın gələcəkdə iki dəfə artma ehtimalı var. Bu sahə həm əmək, həm də maliyyə gətirən sahədir”.
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib ki, qeyri-rəsmi xəbərlərə görə, Azərbaycanda iki mindən yuxarı turizm şirkəti fəaliyyət göstərir:
“Hər gün sayları artır. Sosial şəbəkələrdə qeydiyyatdan keçirlər. Onların dəqiq sayı Dövlət Turizm Agentliyi, AZTA tərəfindən dəqiq bilinmir. Bizim assosiasiyaya üzv turizm şirkətlərinin sayı 100-dən yuxarıdır. Hər il bu rəqəm azala və çoxala bilər.
Təbii ki, bizim quruma üzv olmağın şərtləri var. Şirkətlərin ofisinə, rəhbərliyə, işçilərə baxılır və İdarə Heyətinin rəyindən sonra qərar verilir”.
Nahid Bağırov deyib ki, Azərbaycan Turizm Assosiasiyasının “Qara siyahı”sı hazırlanıb:
“Turizm şirkətləri və ya başqa qurumlarla problem yaşananda dərhal o məlumat yoxlanılır və “Qara siyahı” sisteminə köçürülür. Bu siyahıda Azərbaycanda və xaricdə yerləşən turizm şirkətləri, mehmanxanalar, müştərilər ola bilər. Xaricdə fəaliyyət göstərən turuzm şirkətləri barədə daha çox şikayətlər daxil olur. Onlar yoxlanılır, həqiqətə uyğundursa, haqlarında tədbirlər görülür”.
Ekspert qeyd edib ki, son illərdə Azərbaycana gələnlərin sayının artması lisenziyaların ləğv olunması ilə bağlıdır:
“Heç bir sənəd təqdim etmədən, sadəcə, Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, bu istiqamətdə fəaliyyət göstərə bilirlər. Bu da turizm şirkətlərinin artmasına səbəb olub. Lakin bu, o demək deyil ki, turizm şirkətlərinin sayı artıb, turizm sahəsinə daha peşəkar, daha işgüzar işçilər cəlb olunub. Təəssüflər olsun ki, bunların arasında dələduzlar da, qeyri-peşəkarlar da var”.