Şengen vizaları ilə bağlı yeni təşəbbüs: Ruslara qarşı daha sərt qaydalar istənilir
Avropanın 11 ölkəsi Avropa Komissiyasına müraciət edərək Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi qaydalarının daha da sərtləşdirilməsini istəyib. Təşəbbüsün müəllifləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdiyi bir vaxtda rus turistlərin Avropa ölkələrinə rahat səfər etməsi qəbulolunmazdır.
Müraciəti Polşa, İsveç, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva və Niderlandla yanaşı, Avropa İttifaqına üzv olmayan Norveç və İslandiya da dəstəkləyib. Nazirlər Avropa Komissiyasını Rusiya vətəndaşlarına münasibətdə daha sərt və məcburi viza mexanizmləri tətbiq etməyə çağırıblar.
Sənəddə qeyd olunur ki, 2025-ci ildə Rusiya vətəndaşlarına 620 mindən çox Şengen vizası verilib. Onların təxminən 478 minə yaxını turizm məqsədli olub. Müraciət müəllifləri bunu Avropa Komissiyasının daha əvvəl verdiyi tövsiyələrlə ziddiyyət təşkil edən hal kimi qiymətləndirirlər.
Ölkələr həmçinin “viza şoppinqi” adlandırılan problemdən narahat olduqlarını bildiriblər. Belə ki, Baltik ölkələri və Polşa rus turistlər üçün ciddi məhdudiyyətlər tətbiq etdiyi halda, Fransa, İtaliya, İspaniya və Yunanıstan kimi ölkələr daha çox viza verməyə davam edir. Nəticədə rus vətəndaşları daha yumşaq qaydalar tətbiq edən ölkələr vasitəsilə Şengen məkanına daxil olurlar.
Müraciətdə Avropa Komissiyasından Şengen Viza Məcəlləsinə dəyişikliklər etməsi, çoxgirişli vizalarla bağlı məhdudiyyətləri daha da genişləndirməsi və Rusiya hərbçilərinin Şengen zonasına girişinin qarşısını almaq üçün yeni mexanizmlər hazırlaması tələb olunur.
Qeyd edək ki, Avropa İttifaqı artıq 2025-ci ilin noyabrında Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirib. Yeni qaydalara əsasən, ruslar artıq çoxgirişli Şengen vizası ala bilmirlər və hər səfər üçün ayrıca müraciət etməlidirlər.
Ekspertlərin fikrincə, 11 ölkənin təşəbbüsü dəstək qazanarsa, yaxın aylarda Rusiya vətəndaşlarının Avropa ölkələrinə turistik səfərləri daha da çətinləşə bilər.


















