Bank

Fevralda əhali 25 milyon dolları Azərbaycan banklarından geri çəkib - NİYƏ?

2023-cü ilin yanvar-fevral aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 1,4% - 11 milyard 901,8 milyon manatadək artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, fevralda əhalinin banklardakı əmanətləri 26,7 milyon manat azalıb.

Yanvar-fevral aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 2,2% - 7 milyard 298,5 milyon manatadək (bütün əmanətlərin 61,3%-i) artıb. Fevral ayında milli valyutada əmanətlərin həcmi 1 milyon manat azalıb.

Yanvar-fevral aylarında əhalinin xarici valyutada bank əmanətləri 0,01% - 4 milyard 603,3 milyon manatadək və ya bütün əmanətlərin 38,7%-i səviyyəsində azalıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). Fevralda əhalinin xarici valyutada bank əmanətləri 25,7 milyon manat azalıb.

Rezidentlərin banklardakı əmanətlərinin həcmi 10 milyard 741,8 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 160 milyon manat təşkil edir. Yanvar-fevral aylarında rezidentlərin əmanətlərinin həcmi 1,6% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 1,2% azalıb.

2023-cü il fevralın 28-nə banklarda əmanət və depozitlərin həcmi 35 milyard 179,2 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3% azdır.

Azalmanın səbəblərinə gəlincə, əsasən, ölkədə inflyasiyanın pulu dəyərsizləşdirməsini ilk olaraq qeyd etmək lazımdır. Çünki bahalaşma nəticəsində yaşamaq üçün daha çox pul lazımdır, yəni pul dəyərdən düşüb. Bundan başqa, bankların xarici valyuta üzrə verdiyi faizlər bazarda "uçot dərəcəsinin artması qanunauyğunluğuna görə" bahalaşmadı, əksinə ümumilikdə sektorda 2%-ə yaxın düşmə olduğu bildirilir. Çünki bank sektorunda böyük məbləğdə böyük, istifadəsiz pullar var və iqtisadiyyatın zəif inkişafı nəticəsində bu pulları alaln yoxdur. 

İlin əvvəlində belə bir tendensiyanın olmasında həm də birillik müddəti bitən depozitlərin vaxtı çatdığından götürülməsi ola bilər. Bazardan göründüyü kimi, maraqlı "depozit kampaniyaları"nın azlığı baxımından da "evdə saxlanması" üstün tutulan həcmi daha da artır. İlin əvvəlindən əmanət faizlərinə şamil edilən 10% mənfəət vergisinin də banklardan pulların "qaçması"nda mühüm rolu olduğu demək olar. Çünki məhz fevral ayında bu qanunun tətbiqi elan edildi. 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)