BİZNES

İqtisadi siqnal: Qeyri-neft ÜDM-in 88%-i maliyyə aktivləridir

2022-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 61,6 milyard manat və ya ÜDM-in 46%-ni təşkil edib. 2021-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 52,6 milyard manat və yaxud ÜDM-in 56,6%-ni təşkil edib. Beləliklə, 2022-ci ildə Azərbaycanın maliyyə sisteminin aktivləri 17,1% artıb.

 

Qeyd edək ki, maliyyə sisteminin dərinliyi, kredit, səhm, istiqraz, sığorta və digər maliyyə alətlərinin əlçatanlığı, maliyyə sistemində izafi risklərin və opportunist davranışların azaldılması məsələlərini əhatə edir.

İnkişaf etmiş maliyyə sistemi məsuldarlığı inkişafını 3 istiqamətdə təşviq edir: yığımlar məsuldar inversiyalara yönəldir, 2) kapitalın mümkün yüksək gəlirli investisiya layihələrinə istiqamətləndirilməsini təmin edir (borcalanların monitorinqi, məlumat assimetriyasını azaldılması vasitəsilə), 3) səmərəli ödəniş sistemini təmin edir.

Bununla yanaşı, investisiya və məsuldarlıq üzərində uzunmüddətli neqativ təsir yaradan maliyyə böhranlarının qarşısının alınması üçün maliyyə institutlarının tənzimlənməsi zəruridir.

“Ötən ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 61,6 milyard manat və ya ÜDM-in 46%-i səviyyəsində (qeyri-neft ÜDM-in 88%-i) qiymətləndirilir. Aktivlərin 76,4%-i (2021-ci ilin yekunları üzrə 73,1%-i) bankların payına düşür”, - deyə hökumətdən qeyd olunub.

Burada diqqətçəkən məqamlardan biri də odur ki, əgər ölkədə qeyri-neft sektoru ÜDM-nin 88%! maliyyə aktivləridirsə, görün qeyri-neft sektoru özü nə qədər kiçikdir. Deməli, ölkədə qeyri-neft iqtisadiyyatının yüksəldilməsinə böyük ehtiyac var. 

Ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda maliyyə sektorunun aktivləri 40 milyard dollardır və bu elə də böyük rəqəm deyil. Amma ölkədə qeyri-neft sektorunun ÜDM-də payı çox kiçikdir. "Hökumət ölkədə maliyyə dərinliyini artırmağa çalışır. Bunun üçün iqtisadiyyata sistemli yanaşma, sektoral şaxaləndirmənin genişləndirilməsinə ehtiyac var. Təəssüf ki, bugün kreditləşmə, depozit hesabları üzrə rəqəmlərinin ÜDM-də payı qonşularımızla müqayisədə zəifdir", -deyə ekpert vurğulayıb. 

Qeyd edək ki, 2022-ci ildə bankların aktivləri 2021-ci ilin göstəricisi ilə müqayisədə 22,4% artaraq 47,1 milyard manat təşkil edib.

Maliyyə sektorunun aktivlərinin strukturunda 20,8% bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşür. 2021-ci ildə bu göstərici 24,2% olub.

Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi cüzidir və müvafiq olaraq 2,6% və 0,2% təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)