Gələn həftə istifadəyə veriləcək GPT-4 çatbotu nələr bacarır?
ABŞ-ın "OpenAI" şirkəti gələn həftə GPT-4 adlı süni zəka çatbotunu istifadəyə verməyi planlaşdırır.
ENA.az xəbər verir ki, bu barədə "Techmonitor" nəşri məlumat yayıb.
Bildirilir ki, şirkətin ən son təqdim etdiyi GPT-3.5 modeli 175 milyard parametrləri özündə cəmləşdirib. GPT-4 isə bundan dəfələrlə çox, 10 trilyon parameterə malik ola bilər.
GPT-4, həmçinin multimodal süni zəka texnologiyası olacaq. Bu o deməkdir ki, qeyd olunan çarbot əvvəlki versiyalardan fərqli olaraq yalnız mətnlər yox, video, şəkil və səs kimi bir çox məzmun üzərində işləyə biləcək.
"Digitaltrends" nəşri yazır ki, məsələn, GPT-4 telefon danışıqlarını avtomatik mətnə çevirəcək və şirkətlər telefon danışıqlarını mətnə çevirən zaman istifadə edilən böyük resurslara qənaət etmiş olacaq.
Yeni çatbotun, həmçinin illüstrasiyalı kitablar, film səhnələri və s. hazırlaya biləcəyi qeyd olunur.
Hazırda istifadə edilən GPT modeli insan dilini başa düşür və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilir.
İstifadəçilər süni zəkadan esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər.