Qarabağ

Qarabağın bərpası daha da sürətlənəcək - Emin Hüseynov

İşğaldan azad edilən ərazilərdə hazırda 8 magistral avtomobil və iki dəmir yolunun tikintisi həyata keçirilir. Yol infrastrukturu ilə əlaqədar tikinti işləri başa çatdıqdan sonra Qarabağın bərpası daha da sürətlənəcək və müasir bölgəyə çevriləcək.

ENA.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərdəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, ən genişmiqyaslı layihələrdən biri Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Daşaltı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarıdır. Bundan başqa, hazırda Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin inşası da davam edir. Bərdə-Ağdam dəmir yolu xətinin 47,3 kilometrdir. Yol boyu 4 stansiyanın tikintisi də həyata keçiriləcək və yolun cari ildə istismara verilməsi nəzərdə tutulub. Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110 kilometrdir və yol boyu 9 stansiyanın tikintisi nəzərdə tutulub. Bu yolların tikintisindən sonra regionun iqtisadi inkişafına böyük zəmin yaranacaq, məskunlaşma zamanı əhalinin sosial vəziyyəti daha da yüksələcək.

İnformasiya kommunikasiya texnologiyalarının azad edilən ərazilərdə tətbiqinə toxunan daimi nümayəndə bildirib ki, bu sahə üzrə işlər vahid konsepsiya üzrə aparılır. Həyata keçiriləcək işlərin layihələndirilməsi başa çatmaq üzrədir və yaxın zamanda müvafiq tender elan ediləcək. Cari ayda Tərtər rayonun Talış kəndində iki mobil bazanın tikintisi başa çatacaq və istifadəyə veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)