MALİYYƏ

Gediş haqlarının qalxması əhalini nə qədər “kasıblaşdıracaq”? – Mərkəzi Bankın proqnozu  

İnflyasiya mal və xidmətin qiymətinin davamlı olaraq artım göstərməsidir və bu zaman pul dəyərini itirir. Ölkələrin ümumi mənada illik olaraq inflyasiya hədəfləmələri vardır. Azərbaycan Mərkəzi Bankı son məlumatında açıqlamışdı ki, 2023-cü il üçün inflyasiya hədəfini 8% görür. Bilirik ki, 2023-cü il fevralın 3-dən gediş haqları 33% artırılaraq 30 qəpikdən 4o qəpiyə qaldırıldı. Bu istehlak səbətində kifayət qədər əlavə xərc maddəsi yaradır. Bu o deməkdirmi ki, Mərkəzi Bank inflyasiya hədəfinə yenidən baxacaq?

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüqar Əhmədovun ENA.az-a açıqlamasına görə, 2023-cü ilin sonuna inflyasiyanı 8% ətrafında gözləyirik və burada üç məqama diqqət yetirmək vacibdir. Birinci Mərkəzi Bank bütövlükdə inflyasiya proqnozlarını illik əsasda yeniləyir. İkinci məqam ondan ibarətdir ki, müxtəlif ssenarilər var: 

“Baza ssenari – dərin hesablamalar və daxili və xarici mühitdəki inflyasiya amillərinə əsaslanır. İkinci məqam ondan ibarətdir ki, baza ssenari ilə yanaşı bizim aşağı və yuxarı ssenarilərimiz var. Baza ssenaridə biz dövlət tərəfindən tənzimlənən qiymətləri sabit götürmüşdük. Amma bu, yeni qiymət artımı proqnozlarımıza az da olsa təsir göstərəcək. Çox operativ məlumatlar əsasında deyə bilərik ki, qəbul edilmiş tarif qərarının istehlakçı qiymətlər indeksinə təsiri 0.25% faiz ətrafında qiymətləndirilir. Bu istiqamətdə qiymətləndirmələrimizi davam etdirəcəyik”- deyə V.Əhmədov söyləyib.

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, 2023-cü ildə Azərbaycanda inflyasiya ikirəqəmli olacaq. Sərnişindaşımada gediş haqlarının bahalaşmasının inflyasiyaya təsiri isə onun xərclər səbətindəki xüsusi çəkisindən asılıdır:   

“Ev təsərrüfatlarının bununla bağlı xərcləri istehlak səbətindəki xərclərini neçə faiz artırırsa, inflyasiyaya təsiri də o qədər olacaq. Ümumilikdə isə bu bahalaşmanın ümumi inflyasiyaya təsiri bir qədər azdır. Çünki yan effektləri zəifdir. Məsələn, yanacağın qiyməti yüksəldikdə onun yan effektləri daha böyük olur, bu istehsaldan tutmuş, yükdaşımaya qədər bütün xərclərə təsir etdiyindən inflyasiyanı artırır”.

ENA, Maliyyə qrupu  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)