Gündəm

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

ENA.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi bildirib.

Onun sözlərinə görə, hücum edən şəxs iki azyaşlı uşağı ilə birlikdə səfirliyə daxil olub. İstintaqın ilkin versiyasına görə, hadisə şəxsi motivlidir və həmin şəxsin ailə problemləri var.

"Bu gün səhər saatlarında bir nəfər Azərbaycan səfirliyinə daxil olaraq odlu silahdan atəş açmağa başlayıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Polisin operativ fəaliyyəti nəticəsində hücum edən şəxs dərhal saxlanılıb, istintaq aparılır", - polisdən bildirilib. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)