Separatçılar Volkovla görüşdülər: qanunsuz istismarı davam etdirəcəklər
Qarabağdakı erməni separatçılarının bir qrup (5 nəfər) nümayəndəsi Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovla görüşüb.
ENA.az xəbər verir ki, erməni mənbələrinin bildirdiyinə görə, görüşdə Azərbaycan tərəfinin “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına edilən etirazı müzakirə olunub.
Erməni separatçılarının Volkovla görüşən nümayəndəsi Artur Arutyunyan bildirib ki, onlar adıçəkilən mədənlərin qanunsuz istismarını dayandırmaq niyyətində deyillər.
Onun sözlərinə görə, “Dəmirli” mis-molibden yatağı “Beys Metals” şirkətinin idarəetməsinə verilib və hazırda orada iş gedir.
Artur Arutyunyanın sözlərinə görə, Volkovla görüşdə “Laçın dəhlizi”ndəki postda gömrük avadanlığının quraşdırlması məsələsi də müzakirə olunub.
“Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının buraxılış məntəqəsində daşınan yüklərin arasında silah-sursatın və digər bu kimi vasitələrin olub-olmamasının yoxlanılması məqsədilə skaner avadanlığının quraşdırılması üçün Azərbaycandan təklif daxil olub. Biz bu cihazın quraşdırılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.
Separatçıların nümayəndəsi deyib ki, özünümüdafiə üçün müvafiq vasitələr əldə etməkdən vaz keçməyəcəklər: “Biz əlimizdən gələni edəcəyik ki, “Laçın dəhlizi”ndə rentgen-skaner avadanlığı quraşdırılmasın”.
Onun sözlərinə görə, Azərbaycan tərəfi dəhlizi adi yola çevirməyə çalışır ki, bu da separatçılar üçün qəbuledilməzdir.