Bank rəhbəri “Günay Sığorta”nın sədri təyin edildi
“Günay Sığorta” şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, “Günay Bank”ın icraçı direktoru Hikmət Salmanov səhmdarların qərarı ilə sığorta şirkətinin idarə heyətinin sədri seçilib. O, noyabr ayının sonundan etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, “Günay Sığorta”nın İdarə Heyətinin sədri Mahir Niftiyev avqustun 1-dən öz ərizəsi ilə şirkətdən ayrılmışdı. Bu müddətdə sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edirdi.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58.31%-i Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin 41.15 %-lik səhmdarı), 33.27 %-i Mahmud Məmmədova (“Günay Bank”ın 58.22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8.42 %-i isə “Günay Bank”a məxsusdur.