Mərkəzi Bank kibertəhlükəsizlik strategiyasının detallarını açıqlayıb
Azərbaycanda bankların təhlükəsizlik əməliyyat mərkəzləri olmasına baxmayaraq, onların böyük əksəriyyətinin 24/7 rejimdə fəaliyyəti yoxdur.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi, AMB, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O bildirib ki, bu məsələ Mərkəzi Bankın kibertəhlükəsizlik strategiyasında da nəzərə alınacaq.
“Strategiyada maliyyə sektorunda kibertəhlükəsizliyin gücləndirilməsi, təkmilləşdirilməsi, yenilənməsi və təkamül səviyyəyə keçməsi üçün müəyyən addımlar öz əksini tapacaq. Kibertəhlükəsizlik strategiyasının FinCERT-in formalaşdırılması kimi adlandırmaq olar. Bu CERT-lərin maliyyə sektorunda idarəetməsinin, paylaşılması, məlumatlılıq səviyyəsinin artırılmasına fokuslanacaq.
İlkin strategiyada FinCERT-in zəruriliyi hansı istiqaməti əhatə edəcəyi, FinCERT-in yaradılması ilə bağlı müəyyən ardıcıllıqlar, onların tətbiqi, strukturu əməliyyatları və reaksiya planları öz əksini tapacaq. Düşünürük ki, maliyyə CERT-inin yaradılması kifayət qədər iş yüküdür və bu sahədə həm bank sektorundan həm də, sığorta təşkilatlarından dəstək gözləyirik”, - deyə şöbə rəisi qeyd edib.
E.Şahverdiyev FinCERT fəaliyyətinin formalaşmasının, ölkədə maliyyə sabitliyinin davamlılığını təmin edilməsi ilə kiberinsidentlərə qarşı sərt müdafiə sisteminin inkişafını hədəflədiyini vurğulayıb:
“Dövlət qurumları ilə əlaqələrin, kommunikasiyaların çevikliyinin artırılmasını hədəfləyirik. Milli CERT-lə yeni yaradılacaq FinCERT arasında bir əməkdaşlığın yüksək səviyyəyə gətirilməsi hədəflənir”.
O hesab edir ki, kibertəhlükəsizlik məsələləri maliyyə sektorunda, informasiya texnologiyalarında və müasir dövrdə rəqəmsallaşma prosesində çox həssas zəncirlərdən biridir:
"Mərkəzi Bank olaraq bu sahəyə çox həssaslıqla yanaşılır, yeni innovativ həllərin tətbiqi və maliyyə sektorunda kibertəhlükəsizliyin sağlamlaşdırılması ilə bağlı ciddi addımlar atılır. Pandemiya dövründə informasiya texnologiyalarının verdiyi sərbəstlik və kənardan işləmə, sistemlərin hər tərəfdən əlçatanlığının təmin olunması, bu, texnoloji sərbəstliklə bərabər rahatlığı gətirsə də bir sıra çətinliklər müşahidə olunub. Təşkilatçı şirkətlərin qoşulması zamanı əməkdaşların bankdan kənar iş fəaliyyətlərinə, kənardan sistemlərə qoşulması fonunda maliyyə sektorunda bir sıra addımlar atılmış və bu qoşulmaların təhlükəsizliklərinin təmin olunması ilə bağlı bir çox sistemlər tətbiq olunub. Sadəcə bu sistemlərin tətbiqi bizi kiberinsidentlərdən tam olaraq təcrid etmir. Burada əsasən dəstək göstərən şirkətlərin bu sahədə əməkdaşları tərəfindən kibertəhlükəsizliklə bağlı mariflənməyi vacibdir”, - deyə E.Şahverdiyev qeyd edib.