Palata AZAL-da yoxlama apardı - "Biletlər bahadır"
Hesablama Palatası "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) apardığı dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini açıqlayıb.
Bu barədə ENA.az-a Palatadan bildirilib.
Palatanın 2022-ci ilin İş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) 1 yanvar 2019-cu il tarixindən 1 yanvar 2022-ci il tarixinədək olan hesabat dövrləri əhatə olunmaqla audit sübutlarını əsasən aşağıdakılar təşkil edib.
Auditlə xarici müntəzəm aviareyslərdən müvafiq gəlirlərin əsasən üstün mövqeyə sahib olmaları şərtləndirilməklə eyni kommersiya partnyorlarının vasitəçiliyi ilə əldə olunması, bəzi komisyon haqların analoji standartlardan yüksək tariflərin, yükdaşıyıcı şirkətlərin hava gəmiləri üçün aeroport xidmətləri üzrə isə güzəştli tariflərin tətbiq olunması şəraitində qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına və ümumi rentabelliyin artırılması potensialının dəyərləndirilməsinə üstünlük verilmədiyi müəyyən edilib.
Həmçinin, müstəsna hüquqlar əvəzsiz qaydada verimiş kənar hüquqi şəxslər tərəfindən AZAL QSC-nin müştərilərinə aeroport ərazisində müxtəlif məzmunlu xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin birbaşa və ya dolayısı ilə AZAL QSC-yə aid olması şəraitində dövlət-özəl tərəfdaşlığının beynəlxalq təcrübədə mövcud olan uğurlu nümunələrinin öyrənilməsi və tətbiqi imkanlarından istifadə edilməmiş, əlavə gəlir potensialı reallaşdırılmamışdır.
Aviasərnişindaşımada reyslər üzrə kreslolardan istifadə faizinin xərc tutumu daha yüksək olan uzun məsafəli istiqamətlərdə orta göstəricidən əhəmiyyətli səviyyədə aşağı olması, hava gəmilərindən, eləcə də aeroportlardan istifadə əmsallarının da aşağı intervallarda cərəyan etməsi sabit xərc yükü müqabilində istər aviasərnişindaşıma fəaliyyətindən, istərsə də digər əsas fəaliyyət növlərindən gəlirlərin artmasına mənfi təsir etməklə aviabiletlərin qiymətlərinin əhəmiyyətli optimallaşdırılması üçün münbit şəraitin formalaşmasını təmin etməmişdir.
Eyni zamanda, qiyməti dövlət tərəfindən tənzimlənməyən ölkədaxilində istehsalı olan reaktiv mühərrik yanacağının AZAL QSC-nin aviasərnişindaşımada istifadə olunan həcmlərinin alış qiymətləri 2021-ci ilin fevral ayından etibarən beynəlxalq satış birjalarında formalaşan qiymətlər əsasında müəyyənləşdirilir ki, bu da aviabiletlərin maya dəyərinin və satış qiymətlərinin optimallaşdırılmasına təhdidlər yaratmaqla mülkiyyət mənsubiyyəti dövlətə aid edilən hər ikisi Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan milli rezidentlər arasında qarşılıqlı kommersiya münasibətlərinin dövlət sektoru kontekstində tənzimlənmədiyini göstərir.
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər çərçivəsində dövlət büdcəsindən əvəzsiz əsaslarla ayrılmış və zəruri cari öhdəliklərə yönəldilməli olan vəsaitlərin 35,3 milyon manat məbləğində olan hissəsi əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli və lüzumsuz (sonrakı dövrlərdə özünün vəsaiti ilə həyata keçirilə bilən) ödənişlər, bank kreditləri, faiz borcları və cərimələr, eləcə də qabaqcadan təsdiqlənmiş bölgüyə uyğun olmayan istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə sərf olunmuşdur.
Bank kreditləri və digər borclanmalar üzrə əsas borc məbləğlərinin həcmi auditlə əhatə olunan dövr üzrə ümumilikdə 3,9 % azalsa da 2022-ci il yanvarın 1-nə 2,1 milyard manat təşkil etməklə uzunmüddətli perspektivdə cari dövriyyə vəsaitlərinin cari öhdəliklərdən geri qalması şərtilə AZAL QSC-nin maliyyə likvidliyinə əsaslı təhdidlər yaratmaqdadır.
Hava gəmiləri ilə sərnişin daşıma kimi əsas fəaliyyət çərçivəsində əmək tutumlu işlərin və xidmətlərin kənar hüquqi şəxslərə sifariş olunması şəraitində AZAL QSC üzrə ümumilikdə muzdlu işçi kontingentinin ştat cədvəli üzrə və faktiki olaraq sayları uzunmüddətli dövr ərzində əsasən optimallaşdırılmamışdır.
AZAL QSC-nin fəaliyyətində yol verilmiş bu və digər nöqsan və çatışmazlıqların müvafiq qisminin bərpa olunduğu nəzərə alınmaqla, dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasında audit meyarları ilə müqayisədə bir sıra əhəmiyyətli uyğunsuzluq hallarının mövcud olması, eyni zamanda maliyyənin idarəetmə qərarlarının aktivlərdən qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına bir sıra hallarda cavab verməməsi ilə bağlı rəyə gəlinmiş, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər irəli sürülüb.