Azərbaycanda ehtiyac meyarı anlayışı ləğv oluna bilər
Azərbaycanda ehtiyac meyarı anlayışı ləğv oluna bilər.
ENA.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında səsləndirilən təkliflərə cavabında məlumat verib.
Nazir bildirib ki, artıq növbəti ilin dövlət büdcəsində buna nail olunacaq: "Ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsi qarşımızda duran hədəflərdəndir: “Bunun ardıcıl olaraq təmin olunması üçün qanunvericilik səviyyəsində də həll edəcəyik. Müvafiq normativ hüquqi aktlar da hazırlanacaq. Düşünürük ki, biz tədricən dövriyyədən ehtiyac meyarı anlayışını çıxaracağıq və fəaliyyət yaşayış minimumu üzərindən qurulacaq”.
Minimum pensiya məbləğinin artırılmasına gəlincə Sahil Babayev qeyd edib ki, bu, həyata keçirilən çoxşaxəli islahat planının tərkib hissəsidir: “2019-cu ildə minimum pensiya məbləği 160 manat idisə, bu gün həmin rəqəm 240 manatdır. Lakin bu məbləğ yeni pensiya alanlar üçündür. Birmənalı olaraq demək istəyirəm ki, minimum pensiya məbləğinin artırılması daima gündəlikdədir. Hökumət olaraq bu istiqamətdə ətraflı araşdırmalar aparılır, təkliflər hazırlanır”.