Azərbaycan bankları 9 ayda - Rəsmi göstəricilər
İlin bitməyinə 2 ay qalıb və Azərbaycanıln bank sektorunun 9 aylıq göstəriciləri artıq rəsmən elan olunub. Ümumi tendensiya onu göstərir ki, bu il maliyyə sahəsində çalışan qurumların gəlirləri artıb və akitvlərində böyümə tendensiyası davam edir. ENA.az Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlar əsasında əsas göstəriciləri diqqətinizə təqdim edir.
Aktivlərdə "xarici" portfelin həcmi artır
30 sentyabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri rekord səviyyəyə - 43 milyard 633,4 milyon manata çatıb, bu ilin yanvar-sentyabr aylarında bankların aktivləri 13,4% artım göstərib. Yalnız sentyabrda bankların aktivləri 2,9% və ya 1 milyard 228,7 milyon manatadək artıb.
Bunun 7 milyard 29,4 milyon manatını Azərbaycan banklarının xalis xarici aktivləri təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 21,1% çoxdur. Sentyabrda bankların xalis xarici aktivləri 186,4 milyon manat və ya 2,1% artıb
Kredit portfelindəki artımda "istehlak liderdir"
AMB-nin məlumatına görə, sentyabrın sonuna aktivlərin 19 milyard 157,2 milyon manatı kredit portfelinin payına düşür və bu ilin 9 ayında portfel 15% böyüyüb. 2022-ci ilin yanvar-sentyabr aylarında bankların biznes kredit portfeli 10,7% artaraq 10 milyard 780,9 milyon manat olub. Bu isə bütün kredit portfelinin 56,3%-i deməkdir. Biznes kreditləri II rübdə 2,9%, III rübdə isə 2,9% artıb.
9 ay ərzində bankların istehlak kreditləri portfeli 24% böyüyüb və 5 milyard 601,6 milyon manata çatıb. Həcminə gəldikdə isə ümumi kredit ortfelində xüsusi çəki 29,2%-dir. 2022-ci ilin II rübdə 7,4%, III rübündə portfel 7,9% artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfelində böyümə 15,6% olub və 2 milyard 774,7 milyon manat təşkil edib. Bu isə bütün kredit portfelinin 14,5%-i səviyyəsindədir. 2022-ci ilin II rübündə artım 8,3%, III rübündə 4,8% olub.
Bank əmanətlərində dolların səviyyəsi düşür
Bankların öhdəlikləri 38 milyard 288,3 milyon manata (artım 14,3%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 270,9 milyon manat məbləğində (azalma 15,1%) qiymətləndirilir. Banklarda depozit portfeli 31 milyard 373,7 milyon manat (artım 16,5%), o cümlədən əhalinin əmanətləri 10 milyard 993 milyon manat (artım 21,7%) təşkil edir.
Qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşan Azərbaycan banklarının xarici öhdəlikləri 2022-ci il sentyabrın 30-na 1 milyard 807,6 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 1,7 dəfə çoxdur. 2022-ci ilin sentyabr ayında bankların xarici öhdəlikləri 121,1 milyon manat və ya 7,2% artıb.
Öhdəliklərdə xüsusi yer tutan 2022-ci ilin yanvar-sentyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 21,5% - 11 milyard 225,7 milyon manatadək artıb. Sentyabrda əhalinin bank əmanətləri 367,3 milyon manat (avqustda +41,3 milyon manat) artıb.
9 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 16,2% - 4 milyard 402 milyon manatadək və ya bütün əmanətlərin 39,3%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Sentyabrda əhalinin xarici valyutada bank əmanətləri 91,8 milyon manat artıb (avqustda 4,1 milyon manat azalıb).
Yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 25,1% - 6 milyard 823,7 milyon manatadək (bütün əmanətlərin 60,8%-i) artıb. Sentyabr ayında milli valyutada əmanətlərin həcmi 275,6 milyon manat artıb (avqustda +45,4 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 271,4 milyon manat, qeyri-rezidentlərin – 954,3 milyon manat təşkil edir. Yanvar-sentyabr aylarında rezidentlərin əmanətlərinin həcmi 14,9%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 3,2 dəfə artıb. Sentyabr ayında rezidentlərin əmanətlərinin həcmi 289,4 milyon manat (avqustda +3,5 milyon manat), qeyri-rezidentlərin əmanətlərinin həcmi 77,9 milyon manat (avqustda +37,8 milyon manat) artıb.
2022-ci il sentyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 33 milyard 957 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 17% çoxdur. Sentyabrda banklarda əmanət və depozitlərin həcmi 1 milyard 230.9 milyon manat artıb (avqustda 878,8 milyon manat artıb)
Xalis mənfəət 35,1% artıb
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında bankların ümumi xalis mənfəəti 683,2 milyon manat təşkil edib (2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 35,1%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 956,6 milyon manat (artım 26,6%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 597,3 milyon manat (artım 28,6%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 869,9 milyon manat məbləğində (artım 39,2%) olub.
Bu dövrdə bankların faiz xərcləri 467,4 milyon manat (artım 17,7%), o cümlədən depozitlər üzrə 324,4 milyon manat (artım 23%), qeyri-faiz xərcləri 1 milyard 345,1 milyon manat (artım 31,8%) təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 976,9 milyon manat (artım 35%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 840,1 milyon manat (artım 40,2%), mənfəət vergisi üzrə ödənişlər 157 milyon manat (artım 68,8%) məbləğində qiymətləndirilir.
30 sentyabr 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 481 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) və 93 şöbəsi (2021-ci ilin sonuna 97) var.
Bank sektorunda 22,116 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,8%) çalışır.