Bank

ABB pulunu "blokdan" çıxararaq başqa banklara depozit qoydu - TƏHLİL

Azərbaycanın ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin yanvar-sentyabr ayları üzrə göstəricilərində biz maraqlı məqamlar var. ENA.az açıqlanan hesabatlara əsasən, göstəriciləri diqqətinizə təqdim edir.

 

Pulunu “blok”dan çıxartdı

Banklarda ən mühüm göstərici olan aktivlərin həcminə baxsaq, dövlət bankı 2022-ci ilin doqquz ayında aktivlərini 8,3% artıraraq 12 milyard 432,465 milyon manata çatdırıb. Aktivlərin tərkibində bir neçə maraqlı tendensiya baş verib. Belə ki, ABB-nin bir neçə ildir ki, böyük həcmdə olan nağd və bloklaşdırılmış vəsaiti 6 milyard 411 milyon manatdan 2 milyard 925 milyon manata düşüb. Görünür ki, bank ilk növbədə bloklaşdırılmış vəsaitini çıxara bilib və bu vəsaitlərin hara istiqamətləndiyini axtarsaq, daha bir maraqlı rəqəm nəzərə çarpır. ABB-nin ötən ilin sonunda başqa maliyə qrumlarındakı depozitlərinin həcmi 472 milyon manat olduğu halda, bu il sentyabrın sonuna 4 milyard 287 milyon manata yüksəlib.

Ötən 9 ayda Bank kredit portfelini 13,5% artıraraq 3 milyard 517,995 milyon manata çatdırıb. Amma aktivlərin ümumi həcminə baxsaq, dövlət bankının aktiv kreditləşdirmə siyasəti yeretdeyene demək olmaz. Çünki kredit portfelinin ümumi aktivlərdə payı cəmi 28,2% təşkil edir.

Kreditlərin strukturuna baxsaq, istehlak kreditləri 18,9% artaraq - 925,761 milyon manata, biznes kreditləri 9,8% artaraq 1 milyard 743,477 milyon manata, daşınmaz əmlak kreditləri 15,7 faiz artaraq 848,757 milyon manata çatıb. Bank məqsədli ehtiyyatdan 261 mln manatı, balansdan kənar aktivlər üzrə yaratdığı məqsədli ehtiyyatlardan 104 mln manatı geri çəkib.

 

Bankın borcları kimlərədir? 

Bankın öhdəlikləri 10 milyard 881,632 milyon manata bərabərdir, müqayisədə 8,3% artım var. Bankdakı depozitlərin həcmi 9 milyard 662,399 milyon manat olub. Bu, 31 dekabr 2021-ci il ilə müqayisədə 17% çoxdur. Bunun 7 milyard 880 milyonunu hüquqi şəxslərin depozitləri tutur. Portfeldə əhalinin əmanətləri cəmi 1 milyard 782,336 milyon manat təşkil edir. Mərkəzi Banka olan borcu 115 milyon manatından 78 milyon 800 min manata düşüb. Borc qiymətli kağızlarının bir qismini də geri aldığından bu rəqəm 769 milyon manatdan 593 milyona enib.

Bankın kapitalı 1 milyard 550,833 milyon manatdır, artım 7,9%-dir. Nizamnamə kapitalı dəyişməyərək, 1 milyard 225,648 milyon manat olub. 1 oktyabr 2022-ci il tarixinə cəmi bölüşdürülməmiş mənfəət 166 milyon 717,84 min manatdır, 31 dekabr 2021-ci il tarixinə 61,289 milyon manat səviyyəsində idi.

 

Ən böyük vergi ödəyicilərindən biridir

Beləliklə, mənfəətə gəlincə, ABB 9 ayı 209 milyon 913,74 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrləri ilə müqayisədə 6,5% çoxdur. Bank ötən dövrdə 402 milyon 736.41 min manat, qeyri-faiz gəlirləri 133 milyon 196.05 min manat, faiz xərcləri 59 milyon 131.39 min manat, qeyri-faiz xərcləri 195 milyon 55.18 min manat təşkil edir. Bank ehtiyatlara 32 milyon 719.93 min manat ayırıb və mənfəətdən 39 milyon 112.22 min manat dövlət büdcəsinə vergi ödəyib.

 

Bir neçə dəfə özəlləşdirməyə hazırlanıb

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb və ölkənin ən böyük bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.

Bankın kapitalında Azərbaycan Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalının 3,06%-i minoritar səhmdarlara, 0,23%-i “Aqrakredit” QSC, 0,34%-i digər hüquqi şəxslərə məxsusdur. Bir neçə dəfə özəlləşdirilməyə hazırlanması haqqında fərman olsa da, hələki bu proses baş verməyib. 

ENA.az

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)