Mask “Twitter”i alacağı təqdirdə işçilərin 75%-ni ixtisar edəcək
Amerikalı iş adamı İlon Mask “Twitter”i alacağı təqdirdə şirkət işçilərinin 75%-ni işdən çıxarmaq istəyir, bu barədə mənbələrə istinadən “The Washington Post” yazıb. Məlumata görə, cənab Maskla sövdələşmə baş tutmasa belə, “Twitter”i yenə də irimiqyaslı ixtisarlar gözləyir.
ENA.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“The Washington Post”un məlumatına görə, ümumilikdə “Twitter”də 7.5 min insan çalışır. Əgər İlon Maskın planı həyata keçərsə, şirkətdə təxminən 2 min işçi qalacaq.
Maskın “Twitter”i almaq planları apreldən bəri müzakirə mövzusu olsa da, iyulda milyarder təklifini geri götürdüyünü açıqlayıb. “Twitter” sövdələşmənin dayandırılması ilə əlaqədar iş adamını məhkəməyə verib. Oktyabr ayında İlon Mask sosial şəbəkəni almaq üçün sövdələşməni tamamlamaq qərarına gəlib. Məhkəmə ona oktyabrın 28-dək vaxt verib.