Gündəm

Ermənistan Hindistandan bu silahları alır

Ermənistan Hindistandan pilotsuz təyyarələr və baraj mərmiləri, həmçinin “Akaş” zenit-raket kompleksi almaq imkanını nəzərdən keçirir.

ENA.az xəbər verir ki, bu barədə Hindistanın “The Print” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Mümkün satınalmalarla bağlı müzakirələr Qandinaqarda keçirilən "DefExpo 2022" müdafiə sərgisi çərçivəsində baş tutub. Ermənistanın müdafiə naziri Suren Papikyan bu sərgidə olub və hindistanlı həmkarı Şri Racnat Sinqh ilə görüşüb.

Daha əvvəl bildirilmişdi ki, tərəflər “Pinaka” reaktiv yaylım atəş sistemlərinin, eləcə də Hindistanda lisenziya əsasında istehsal olunan Sovet-Rusiya tank əleyhinə “Konkurs” raketlərinin alınmasına dair müqavilə bağlayıblar. Digər silah növlərinin, o cümlədən 80 millimetrlik artilleriya qurğularının alınması da müzakirə olunur.

Nəşr, həmçinin öz mənbələrinə istinadən qeyd edir ki, Ermənistan tərəfi Tata Advanced Systems Limited (TASL) və Solar Industries şirkətləri tərəfindən hazırlanmış baraj mərmilərinin alınması imkanlarını nəzərdən keçirir.

"Ermənistan 2020-ci ildə Azərbaycana münaqişədə müqavimət göstərmək üçün dörd Hindistan istehsalı olan “Svathi” radarı alıb. İndi Ermənistanla müqavilə “Pinaka” reaktiv yaylım atəş sistemləri üçün ilk ixrac sifarişi olub və “Akaş” zenit-raket kompleksi üçün də birinci ola bilər" - məqalədə deyilir.

Müəlliflər onu da qeyd ediblər ki, Azərbaycan Türkiyə və Pakistanın müttəfiqi hesab olunur, bu ölkə əvvəllər türk pilotsuz təyyarələri alıb və hazırda Pakistanla JF-17 qırıcılarının alınması üçün danışıqlar aparır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)