İspaniya, Norveç, Əlcəzair və İtaliyadan idxala müvəqqəti məhdudiyyət qoyuldu
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İspaniyanın Andalusiya və Kastiliya–La Mança muxtar icmalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Norveçin Roqaland inzibati ərazi vahidində Nyukasl, Əlcəzairin Medea əyalətində və İtaliyanın Veneto regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, bu ərazilərdən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.