Azərbaycanda inflyasiya açıqlandı - Bahalaşma davam edir
Bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,3 %, qeyri-ərzaq məhsulları üzrə 107,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,1 %, 2021-ci ilin sentyabr ayına nisbətən 115,6 % təşkil edib.
2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,4 %, əvvəlki ilin sentyabr ayına nisbətən 121,8 % təşkil edib.
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabrda ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,4 %, əvvəlki ilin sentyabr ayına nisbətən 110,5 % təşkil edib.
Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, divar kağızlarının, mebellərin, məişət cihazlarının, xalçaların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,3 %, əvvəlki ilin sentyabr ayına nisbətən 111,4 % təşkil edib.
Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların kimyəvi təmizlənməsi, ayaqqabıların, mənzillərin, məişət cihazlarının, mebellərin, minik avtomobillərinin təmiri, ictimai iaşə, tibbi, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.