MALİYYƏ

KİV: "FED uçot dərəcəsini 4,5 %-ə qaldırmaq istəyir"

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) əsas faiz dərəcəsini təxminən 4,5 %-ə çatdırmaq, sonra isə bu səviyyədə saxlamaq niyyətindədir.

ENA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, FED ABŞ-da inflyasiyanın artmaqda davam edəcəyi təqdirdə monetar siyasəti sərtləşdirməyi planlaşdırdığını bildirib. Proqnozlara əsasən, FED gələn ay 4-cü dəfə uçot dərəcəsini 75 baza bəndi artıra bilər.

OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarı nəticəsində enerji qiyməti ilə bağlı narahatlıqlar, ABŞ əmək bazarı ilə bağlı nikbin məlumatlar fonunda belə bir addım daha da gözləniləndir.

Yeri gəlmişkən, Çikaqo Federal Ehtiyat Bankının rəhbəri Çarlz Evans korporativ top-menecerlərlə görüşdə deyib: "Hesabatlarımıza əsasən, biz gələn il hər hansı bir məqamda uçot dərəcəsində 4,5 %-4,75 % həddinə çata bilərik”.

Xatırladaq ki, mart ayından bəri FED uçot dərəcəsini 5 dəfə artırıb. Hazırda üçot dərəcəsi 3 %-3,25 %-dir. FED-in növbəti iclası noyabrın 1-2-nə planlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)