ABŞ-da FTB-nin keçmiş agentinin erməni mafiyası ilə əlaqəsi aşkarlanıb
ABŞ-ın San Fransisko şəhərində Federal Təhqiqat Bürosunun (FTB) keçmiş agenti erməni mafiyası ilə əlaqəsi aşkarlanaraq, məxfi məlumat müqabilində rüşvət almaqda təqsirli bilinib.
Bu barədə “Report” ABŞ mətbuatına istinadə xəbər verir.
1999-2018-ci illərdə FTB agenti olmuş Babak Brumand 2015-2018-ci illərdə təqribən 150 000 dollar nağd pul, şəxsi təyyarə uçuşları, otellərdə qalma, əxlaqsız qadınlar və hətta mafiya vəkilinin müştərilərinə kömək etmək üçün “Ducati” markalı motosiklet alıb.
İstintaq sənədlərinə əsasən, Brumand özünü məxfi mənbə kimi təqdim edərək adı açıqlanmayan vəkillə münasibətini gizlədib. O, vəkillər və müştərilərin adından qanunsuz məlumat bazası axtarışlarını qanuniləşdirmək üçün saxta hesabatlar yazıb.
2015-ci ildə bir vəkil Brumandan daha çox “Lev Aslan Dermen” kimi tanınan Levon Termenjyanla bağlı FTB dosyesinə müraciət etməyi xahiş edib. ABŞ prokurorları Termenjyanı 1 milyard dollarlıq biodizel vergisi krediti fırıldaqçılığı sxemində iştirak etdiyinə görə 2020-ci ildə Yuta federal məhkəməsində məhkum edilmiş erməni mafiyasının üzvü kimi qeydə alıblar.
Brumand eyni vəkilin adından bir sıra başqa işlərə baxıb.
Bir hadisədə agent FTB-nin Kaliforniya əyalətindən 250 milyon dollar mənimsəmədiyinə görə təhqiqat altında olan Sem Sarqsın işini araşdırıb. Brumand vəkilə Sarqs barəsində istintaq başladıldığını bildirərək ondan uzaqlaşması barədə xəbərdarlıq edib.
ABŞ Prokurorluğunun məlumatına görə, 56 yaşlı Brumand bir sui-qəsd, iki rüşvət və qanunsuz fəaliyyətdən əldə edilən əmlakın alqı-satqısında təqsirli bilinib.
Brumand 2019-cu ildə təqaüdə çıxıb. Onun barəsində məhkəmə hökmü 2023-cü il yanvarın 30-da çıxarılacaq. Sabiq agenti 40 ilə qədər həbs cəzası gözləyir. O, hazırda həbsdədir.