Aqrar

Azərbaycanda qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə strategiya hazırlanır

Azərbaycanda qoyunçuluğu inkişaf etdirmək - xırdabuynuzlu heyvanların sayının azalmasının qarşısını almaq, yerli genofondları qorumaq məqsədi ilə strategiya hazırlanır.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib.

"Hazırda strategiya müzakirə mərhələsindədir, onun gələn ildən həyata keçirilməsi gözlənilir. Strategiyada yarım intensiv və intensiv qoyunçuluq təsərrüfatlarının, nəsli kəsilməkdə olan yerli genofondların qorunması üçün dövlət dəstəyinin təmin edilməsi, örüş otlaq sahələrinin qorunması üçün işlər aparılması kimi məsələlər var", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qoyunçuluq üzrə 14 genefond var və nazirlik onların sayının artırılmasına dəstək verir: "Azərbaycanda qısa müddətdə “Qala”, “Qarabağ” “Qaradolaq”, “Bozaq” kimi qoyun cinslərinin damazlıq özəyi yaradılaraq inkişafına dəstək verilib. Bununla yanaşı, Heyvandarlıq Elmi-Tədqiqat İnsitutuna Avropadan “İl de Frans”, “Suffolk”, “Lakon”, “Merino Landşaf”, Tacikistandan isə “Hisar” qoyun cinsləri gətirilib. Onlar fermalarda yerli qoyun cinsləri ilə çarpazlaşdırılaraq ilkin mələzlər (məsələn, "Lakon X Bozax") əldə edilib. Mələz heyvanlar F1 qolu sayılır. Məqsədlərimizdən biri həm südlük, həm də ətlik qoyunların yetişdirilməsidir".

Nazirlik rəsmisi vurğulayıb ki, qoyunçuluğun inkişafında mühüm amillərdən biri örüş sahələri ilə bağlıdır: "Hesab edirik ki, işğaldan azad edilmiş ərazilərdəki örüşlər hesabına biz qoyunçuluğun inkişafına nail ola biləcəyik. Kəlbəcər və Laçında yaylaqların potensialı genişdir. Həm ötən il, həm də bu il həmin yaylaqlara qoyunçuluq təsərrüfatları köçürülüb. O cümlədən damazlıq qoyunçuluq təsərrüfatlarının 90 %-dən çoxu Kəlbəcər yaylaqlarına köçürülüb. Məqsəd həmin ərazilərdəki bitki örtüyü potensialından istifadə edərək qoyunçuluq sahəsini inkişaf etdirməkdir. Məlumatlar var ki, yaylaqlarda döl prosesi yekunlaşıb və yaxın vaxtarda qoyunlarda doğuş dövrü başlayacaq. 100 ana qoyundan 100-dən çox balanın alınması ilə bağlı gözləntimiz var. Qoyunçuluq təsərrüfatlarının Kəlbəcərə köçürülməsi birmənalı olaraq yüksək məhsuldarlığa səbəb olacaq. Sovet dönəmində yalnız Kəlbəcərin Sarıyer yaylağına 38 rayonun qoyunçuluq təsərrüfatı köçürülüb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)