Böyük Britaniya iş icazəsi almağı asanlaşdıran yeni viza yaratdı
Böyük Britaniyada iş icazəsi almağı asanlaşdıran yeni viza növü elan olunub. Böyük Britaniyada sürətlə böyüyən şirkətləri işçi ilə təmin etmək üçün yeni genişləndirilmiş (“Scale Up”) viza növü ictimaiyyətə açıqlanıb.
Yeni açıqlanan viza digər növlərindən bir çox sahədə fərqlənir. Şirkətin sponsorluğu altında olan digər iş vizalarından fərqli olaraq "Scale Up" vizası şirkətlərə 6 aylıq məşğulluq öhdəliyi ilə işə götürməyə imkan verir. Eynilə iş təklif edilən şəxsə 2 illik yaşayış icazəsi verilir. Daha sonra prosesdəki kriteriyalara uyğun olaraq viza 3 il daha uzadıla bilər və 5 ilin sonunda isə Britaniyada müddətsiz yaşamaq icazəsi alına bilər.
Böyük Britaniyada daimi yaşayış yeri olan insanlar bir çox hüquqlar, o cümlədən sosial dövlət müavinətləri əldə edə bilərlər. Kiminsə bu viza növünə müraciət etməsi üçün bir neçə şərt tələb olunur.
Kriteriyalara cavab verən şirkətdən ən azı altı ay iş təklifi alınması, həmin peşə üçün nəzərdə tutulmuş minimum əmək haqqının təklif edilməsi və B1 səviyyəli ingilis dili biliyi tələb olunan şərtlər arasındadır.
Yalnız onlayn qəbul edilən müraciətlər Böyük Britaniyadan kənarda 3, Böyük Britaniya daxilində isə 8 həftə ərzində yekunlaşdırılır.