Statuslar

"Nəyi nəyə vurdunuz ki, 81.76%-lik nəticə aldınız?!"

Struktur islahatlarında ictimai sektor faktoru

Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə mərkəzi icra hakimiyyətlərinin yanında yaradılan, tabeliyinə daxil olan qurumların birləşdirilməsi və ləğvi tədbirləri davam etdirilir. Kifayət qədər şişmiş idarəetmə xərclərinin azaldılması, ictimai vəsaitlərdən səmərəli istifadə mexanizminin qurulması, israfçılığın qarşısının alınması nöqteyi-nəzərindən atılan addımlar içərisində diqqətimi çəkən bir məsələnin üzərində dayanmaq istəyirəm.

Bəzən müstəqil dövlət qurumu, bəzən isə dövlət orqanlarının yanında yaradılan, eyni zamanda adı ictimai qurum olan, lakin büdcədən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) ləğvi və birləşdirilməsi tədbirləri təqdirəlayiqdir. Artıq belə qurumlardan bir neçəsi (Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, “Bilik” Fondu, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və sair) ləğv olunub, xüsusilə, Mili Elmlər Akademiyasının və digər mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyindəki oxşar qurumların ləğvi prosesinin davam etdirilməsi məqsədilə Prezident tərəfindən Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

İllərdir ki, bu qurumların səmərəsiziliyi, oxşar fəaliyyətlərin müstəqil beyin mərkəzləri (think tank) və qeyri-hökumət təşkilatları tərəfindən daha keyfiyyətli, eyni zamanda təmənnasız icra edildiyi barədə dedik, yazdıq. Əvəzində nə oldu? Apardıqları tədqiqatlar, monitorinqlər, sorğular əsasında hökumətin siyasətinin təkmilləşdirilməsi istiqamətində siyasət variantları və real təkliflər hazırlayan müstəqil beyin mərkəzləri (ictimai birliklər) bir sinif kimi ləğv edildi, vətəndaş cəmiyyəti sektoru çökdürüldü.

Vətəndaş cəmiyyətinin siyasət sənədləri hazırlamaqla yanaşı, digər bir əsas vəzifəsi də dövlət maliyyəsinin xərclənməsinə ictimai nəzarəti, əhaliyə xidmət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində ictimai iştirakçılığı təmin etməkdir. Əgər hazırda həyata keçirilən struktur islahatları ictimai iştirakçılığın təmin olunması ilə paralel aparılmasa, bu prosesdən yüksək səmərə gözləmək sadəlövhlük olardı.

Müstəqil vətəndaş cəmiyyətinin əhəmiyyətilə bağlı bir nümunə gətirəcəm. Bir neçə həftə öncə Açıq Hökumətlə bağlı ikinci Milli Fəaliyyət Planının (MFP) icrasının monitorinqini aparan Azərbaycan Açıq Hökumət Platforması 81.76%-lik icra qeydə alındığını açıqlayıb. Əvvəlcədən deyim ki, alternativ monitorinqi aparmağa sözün bütün mənalarında imkanı çatan müstəqil QHT yoxdur.

Vəsaiti Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası verib, monitorinqi QHT-lərin platforması həyata keçirib. Monitorinq həyata keçirilibmi? Keçirilibsə, indi sayacağım öhdəlikləri niyə görmədiniz?

Nəyi topladınız, nəyi nəyə vurdunuz ki, 81.76%-lik nəticə aldınız?! Mən sayım, Siz hesablayın:

1. İkinci MFP-də qoyulmuş ən ambisiyalı 2 öhdəlik icra edilməyib: Rəqabət Məcəlləsi qəbul olunmayıb, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə bağlı hüquqi mexanizm formalaşdırılmayıb;
2. İctimai iştriakçılıq bir yana dursun, ictimai əhəmiyyətli açıq informasiyaların informasiya sahibləri olan dövlət qurumlarından alınması hər il bir az da çətinləşir;
3. 7 ildir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarəti həyata keçirmək üçün Ombudsman Aparatında müvafiq şöbə yaradılmayıb;
4. 80 yerli icra hakimiyyətindən yalnız 3-də İctimai şura fəaliyyət göstərir, belə mərkəzi icra hakimiyyətlərinin sayı isə 10-a belə çatmır;
5. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin yaradılması ilə bağlı götürülən öhdəlik icra olunmayıb;
6. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları və korrupsiya cinayətləri ilə əlaqədar ibtidai araşdırma çərçivəsində “istintaq sövdələşməsi” institutunun tətbiqilə bağlı beynəlxalq təcrübə 2007-ci ildən öyrənilir, nəticə isə yoxdur;
7. Dövlət satınalamaları sahəsində şəffaflığın təmin olunması ilə bağlı qoyulan öhdəliklər icra edilməyib.

Məncə, bu qədər yetər! Nə qədər ki, ölkədə müstəqil QHT-lərin fəaliyyətinə imkan verilməyəcək, o vaxta qədər 80%-in üstündə qeyri-real nəticələr elan olunacaq.

 

Ekspert: Qalib Toğrul

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department