Rayon təhsil şöbələrinin ləğv edilməsinə - RƏSMİ CAVAB
Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirlikdən sorğuya cavab olaraq məlumatı nə təsdiq, nə də inkar etməyiblər.
"Təhsil Nazirliyində bununla bağlı hər hansı məlumat yoxdur", nazirlikdən qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalıdır. Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılmasına göstəriş verilib. Lakin indiyədək bu reallaşmayıb.
Bu müddətdə Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub. 2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhərlər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə həyata keçirilməsinə başlanıb.