Sığorta

Zaur Əliyev: "Əhali arasında ölüm hallarının sayında ciddi azalmalar olub"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin “Milli Məclis” jurnalına müsahibə verib. "BImüsahibəni təqdim edir.

-Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı il fevralın 15-dən fəaliyyət göstərir və 2017-ci il yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihəni icra edir. Pilot layihənin məqsədi və əldə olunan nəticələr hansılardır?

- Ölkəmizdə tibb müəssisələrinin icbari tibbi sığorta (İTS) sahəsində maliyyələşmə mexanizmləri üzrə təcrü­bə olmadığından sö­zü­gedən sahədə baza sənədlərin və informasiya texnologiyaları sisteminin işlənib hazırlanması məqsədi ilə İTS-nin ilkin olaraq pilot qaydada həyata keçirilməsi nəzərdə tutulub.

Pilot layihənin əsas məqsədi icbari tibbi sığorta modelinin qurulması, yeni mexanizmlərin mü­vafiq ərazilərdə sınaqdan keçirilməsi və təkmilləşdirilməsidir.

Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin 2017-ci il üzrə nəticələri uğurlu hesab edilmiş, 2018-ci ildən etibarən bu layihənin Ağdaş rayonunun inzibati ərazisində də həyata keçirilməsinə və Mingəçevir şəhərində, Yevlax rayonunda davam etdirilməsinə qərar verilmişdir.

Layihənin icrası müddətində pilot ərazilərin əhalisinə Beynəlxalq Millətlər Təşkilatı tərəfindən təsdiqlənən və Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan universal tibbi təminatın verilməsi istiqamətində mü­hüm addımlar atılmışdır.

Təkcə onu demək kifayətdir ki, 2017-ci ildə layihənin icrası müddətində pilot ərazilərdə sığorta olunanların və bu bölgələrdə rəsmi qeydiyyatda olan məcburi köçkünlərin baza (əsas xidmətlər) zərfi çərçivəsində səhiyyə ilə bağlı birbaşa xərcləri 100 faiz həcmində azalmış, həmçinin əhalinin icbari tibbi sığortanın başlıca məqsədlərindən olan tibbi xidmətlərə əlçatanlığı təmin edilmişdir.

Pilot layihə olaraq tətbiq edilən icbari tibbi sığorta sistemi müsbət nəticələrini göstərməkdədir. Əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, ödənişsiz səhiyyə xidmətinin göstərilməsinə nail olmaq, əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətlərin maliyyələşməsində yeni mexanizmlərin sınağı məqsədi ilə həyata keçirilən bu yenilik nəticəsində bir çox uğurlar əldə olunmuşdur.

Agentliyin fəaliyyəti müddətində ilk dəfə olaraq dövlət tərəfindən göstərilən səhiyyə xidmətləri bazar dəyərinə gö­rə qiymətləndirilmiş və həmin xidmətlərin tarifləri hesablanmışdır. Prezidentin mü­vafiq fərmanı ilə icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin siyahısı və tarifləri təsdiq edilmişdir.

Pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulmuş, tibb işçilərinin əmək haqları artırılmış və  beynəlxalq təcrü­bədə geniş yayılmış adambaşına ödəniş metodu tətbiq olunmuşdur.

2018-ci ildə pilot ərazilərdəki tibb müəssisələrində çalışan  tibb heyətinin bilik və bacarıqlarını artırmaq məqsədi ilə “Tibb işçilərinin icbari tibbi sığorta haqqında məlumatlılıq səviyyəsinin artırılması”, “Tibb müəssisələrində yeni doğulmuşlara qulluq”, “İlkin tibbi yardımın əsasları” mövzularında təlimlər, “Müasir tibbdə innovativ müalicə və profilaktika üsulları” mövzusunda seminar təşkil edilmişdir.

Pilot layihə çərçivəsində tibb müəssisələrinin tibbi təchizatı yaxşılaşdırılıb. 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb.

Agentik icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirdiyi islahatların effektivliyini, əhalinin və pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin sistemdən məmnunluğunu qiymətləndirmək məqsədi ilə  2018-ci ilin ilk aylarında pilot ərazilərdə sorğular keçirmişdir. Bu sorğuların nəticələri ümumilikdə əhalinin (84%) və tibb işçilərinin (87%) aparılmış islahatlardan məmnunluğunu göstərmişdir.

Sorğunun nəticələri onu deməyə əsas verir ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri mü­qayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59,3%-dən 4%-ə, Yevlax rayonu üzrə 61,8%-dən 3,1%-ə qədər endiyi mü­şahidə olunub.

-İTS-nin tətbiqinin əhalinin sağlamlıq vəziyyətinə təsirinin  statistikası nəyi göstərir?

- İTS-nin tətbiq olunduğu dövrlə əvvəlki illərin mü­qayisəsi göstərdi ki, 2017-2018-ci illərdə pilot ərazilərdə əhali arasında ölüm hallarının sayında ciddi azalmalar mü­şahidə olunub.  Belə ki, 2015-2016-cı illər üzrə pilot ərazilərdə mü­vafiq olaraq 2038 və 2020 ölüm halı qeydə alınmışdır. İTS-nin tətbiqindən sonrakı dövrlərdə - 2017-ci ildə 1949 ölüm halı, 2018-ci ilin 10 ayı üzrə isə 1558 ölüm halı qeydə alınmışdır. Nəticələrin təhlili göstərir ki, əhalinin tibbi xidmətlərə əlçatanlığının artması nəticəsində vətəndaşlar vaxtında keyfiyyətli tibbi xidmətlər ala bilmiş və ölüm riskləri azalmışdır.

-İTS bü­tün tibbi xidmətləri əhatə edirmi, yəni cərrahi mü­daxilədən tutmuş dərmanların alışına qədər?

- 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, Mingəçevir şəhərində 104500, Yevlax rayonunda 127400, Ağdaş rayonunda 108700 nəfər əhali qeydiyyatdadır. Bundan əlavə Mingəçevir şəhərində 19798 nəfər, Yevlax rayonunda 8055 nəfər, Ağdaş rayonunda 2353 nəfər məcburi köçkün yaşayır. Hazırda pilot ərazilərdə 370 min nəfərdən çox qeydiyyatda olan əhali və məcburi köçkün icbari tibbi sığortanın 1829 adda tibbi xidməti əhatə edən baza zərfindən ödənişsiz istifadə edir. Bunlardan 480-i ambulator, 677-si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib, dəyəri yüksək xidmətlərə də təminat verir. Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli fərmanı ilə təsdiq edilmişdir.

Stasionar şəraitdə müayinə və müalicə tibbi göstəriş və həkim göndərişi əsasında aparılırsa, bu zaman istifadə olunan dərman, tibbi sərf (xü­susi tibbi sərflər - protez, implant və s. istisnadır) və gündəlik qidalanma da təminata daxildir. Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələrini də icbari tibbi sığorta təmin edir.

Baza zərfi tərəfindən təminat verilməyən və istisnalar zərfinə daxil olan tibbi xidmətlərin sayı 1186-dır. Bu xidmətləri əldə etmək  üçün vətəndaşlar rəsmi qaydada ödəniş etməlidirlər. Baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli fərmanı ilə təsdiq edilmişdir.

-İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində hansı işlər görülüb?

- Dünya təcrü­bəsində də olduğu kimi, icbari tibbi sığorta ilkin səhiyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi, həmçinin pilot ərazilərin əhalisinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi məqsədinə çatmaq üçün ən optimal vasitələrdən biridir. Ailə həkimi institutunun inkişafı və səhiyyə sistemi sahəsində əhaliyə göstərilən xidmətlərin qeydiyyatını təkmilləşdirmək məqsədi ilə agentlik bir sıra tədbirlər həyata keçirir.

Bu tədbirlərdən biri də İlkin Səhiyyənin Beynəlxalq Təsnifatı sisteminin tətbiqi ilə əlaqədardır. Azərbaycanda bu sistemin tətbiqi hazırda pilot layihə şəklində Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları ərazilərində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərində və tibb məntəqələrində həyata keçirilir. Adıçəkilən regionlarda İlkin Səhiyyənin Beynəlxalq Təsnifatı üzrə kodlaşdırma qaydalarına dair fəaliyyət göstərən ailə həkimləri və tibb işçiləri üçün praktiki təlimlər təşkil edilmiş, təsnifat üzrə elektron qeydiyyat sistemi hazırlanmışdır.

Pilot ərazilərdəki tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi ilə bir sıra yeniliklər həyata keçirilmişdir. İlkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilmişdir. Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ilkin səhiyyə müəssisəsi təşkil olunmuşdur. Burada 18 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir. Ağdaş rayonunda həmçinin 46 tibb məntəqəsi də fəaliyyət göstərir.

-İTS sisteminin tətbiqi hansı dəyişikliklərə səbəb olub?

- Pilot layihənin tətbiqi müddətində stasionar xidmətlərin təmin edilməsində bir sıra struktur dəyişikliklər həyata keçirilmişdir. Belə ki, pilot ərazilərdəki tibb müəssisələrinin  texniki vəziyyəti, su, elektrik və istilik təchizatı, kadr təminatı və sanitar vəziyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə nəticələrinə əsasən binaları qəzalı vəziyyətdə olan və tibbi sanitar-gigiyenik normalara cavab verməyən tikililərdə tibbi xidmətlərin göstərilməsi dayandırılmışdır. Fəaliyyəti dayandırılmış tibb müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətlərin davam etdirilməsi məqsədi ilə mərkəzi xəstəxanaların nəzdində mü­vafiq bölmələr yaradılmış və əhaliyə ixtisaslaşmış tibbi xidmətlərin göstərilməsi təmin edilmişdir.

Pilot ərazilərdəki tibb müəssisələrində çarpayıların sayının əhalinin ehtiyaclarını üstələdiyini və bu çarpayıların saxlanmasının iqtisadi nöqteyi-nəzərdən səmərəsiz olduğunu nəzərə alaraq onların sayının azaldılması qərara alınmışdır. Ümumilikdə 2016-cı ilin ilk 9 ayı ilə mü­qayisədə 2018-ci ilin eyni  dövrü ərzində Mingəçevir şəhəri üzrə çarpayı sayı 672-dən 300-ə, Yevlax rayonu inzibati ərazisi üzrə isə 267-dən 237-yə qədər  (pilot ərazilər üzrə təxminən 43%) azaldılmışdır. Ağdaş rayonu ərazisində 2017-2018-ci illər ərzində çarpayı sayı eyni - 370 qalmışdır.

Beynəlxalq təcrü­bənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalmış, xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılmışdır. Belə ki, 2016-cı ilin 9 ayı ilə mü­qayisədə 2018-ci ilin eyni dövrü ərzində Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9,5-dən 3,9-a, Yevlax rayonu ərazisində isə 16,5-dən 5-ə enmişdir. 2017-ci ilin ilk 9 ayı ilə mü­qayisədə 2018-ci ilin eyni dövrü ərzində Ağdaş rayonu  ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 8,7-dən 6,9-a qədər azalmışdır.

Xü­susi olaraq qeyd edilməlidir ki, 2018-ci ilin ilk 9 ayı ərzində Mingəçevir şəhərində və Yevlax rayonunda cərrahi əməliyyatların sayı 2016-cı ilin eyni dövrü ilə mü­qayisədə təxminən 52% artmışdır. 2017-ci ilin ilk 9 ayı ilə mü­qayisədə 2018-ci ilin eyni dövrü ərzində Ağdaş rayonunda cərrahi əməliyyatların sayında təxminən 15% artım mü­şahidə olunub.

Pilot ərazilərin əhalisinə Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətlərinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədi ilə tibb müəssisələrinin nəzdində TTTY şö­bələri qurulmuş və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılmışdır.

Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından tibbi xidmətin digər səviyyəsinə (İSX, ambulator və ya stasionar tibbi xidmət), yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. Ambulans çağırışı zamanı xəstənin vəziyyəti qiymətləndirilir, ilkin tibbi yardım üçün məsləhətlər verilir və xəstənin ehtiyaclarına uyğun olaraq həkim briqadası göndərilir. Xəstə ambulansla xəstəxanaya gətirildikdə və ya fərdi qaydada özü mü­raciət etdikdə TTTY şö­bəsinə qəbul zamanı onun vəziyyəti qiymətləndirilir və xəstənin statusu “təxirəsalınmaz”, “təcili” və ya “təcili olmayan” hallar üzrə müəyyən edilir. İlkin tibbi mü­daxiləyə daha çox ehtiyacı olan xəstələrə dərhal tibbi xidmət göstərilir. İlkin tibbi xidmətdən sonra onlar əlavə müayinə və müalicəyə ehtiyac olduqda tibbi xidmətin digər səviyyələrinə yönləndirilir, ehtiyac olmadıqda isə evə buraxılırlar. Şö­bədə ilkin cərrahi, ilkin travmatoloji, pediatrik və reanimasiya xidmətlərinin həyata keçirilməsi üçün şərait mövcuddur.

“Triaj” sistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lü­zumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır.

-İTS sisteminin pilot ərazilər üzrə tətbiqinin maliyyə tutumu və ortaya çıxan maliyyə problemləri barədə məlumat verərdiniz.

- 2018-ci ilin 9 ayı ərzində ümumilikdə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə agentlik tərəfindən Mingəçevir üzrə 10 milyon, Yevlax üzrə 5,5 milyon, Ağdaş üzrə 4,1 milyon manat vəsait sərf edilmişdir ki, onların 1,3 milyon manatı kənar xəstəxanaların payına dü­şür.

Səhiyyəyə ayrılan vəsaitlərin qənaət edilməsi və maliyyə vəsaitlərinin səmərəli xərclənməsində informasiya texnologiyalarının bö­yük rol oynadığını nəzərə alaraq, hesabat dövründə səhiyyə xidmətlərinin elektronlaşması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabatlılığın gücləndirilməsi üçün pilot layihə başladıqdan sonra xəstəxanalar kompü­terlər və proqram təminatları ilə təchiz edilmiş, nəticədə müəssisədaxili fəaliyyətin 80% elektronlaşmasına nail olunmuşdur.

Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili göstərir ki, pilot ərazilərdə adambaşına dü­şən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, bö­yük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.

Pilot layihənin tətbiqinin ilk dövründə qarşılaşdığımız əsas maliyyə problemlərindən biri büdcə əsaslı maliyyələşmədən xidmət əsaslı maliyyələşmə sisteminə keçidlə bağlı olub. Bu mərhələdə pilot ərazilərdəki tibb müəssisələrinin qeyri-rentabelliliyi mü­şahidə edilib. Buna səbəb tibb müəssisələrinin resurslarının, həkim və kö­məkçi işçi heyətinin mövcud tələblərə uyğun olmaması idi. Aparılan intensiv işlər nəticəsində problemlər aradan qaldırılmış, avtomatlaşdırma həyata keçirilmiş, beləliklə, iş prosesi sü­rətləndirilərək daha çox pasiyentə xidmət göstərilmişdir. Bunun nəticəsində 2018-ci ilin əvvəlindən yeni maliyyələşmə sistemi ilə tibb müəssisələrinin gəlirləri onların saxlanma xərclərini qarşılayır.

- Pilot layihənin tətbiqində həkimlərin maraqları necə təmin olunur? Onların pul gəlirləri nədən ibarətdir və nə qədərdir?

- Agentlik pilot ərazilərdəki tibb müəssisələrində çalışan nəinki həkimlərin, o cümlədən orta və kiçik tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi qaydalarını qəbul etmişdir. Həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əmək haqlarını almaqda davam edirlər. Bununla yanaşı həkimlərin göstərdikləri tibbi xidmətlər mü­qabilində əmək haqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əmək haqlarına isə sabit əlavələr tətbiq edilir.

Bundan başqa həkimlərin pilot layihə çərçivəsində fəaliyyətinin ölçülməsi, dəyərləndirilməsi və normativlərlə bağlı əlavələrin verilməsi məqsədi ilə onlar tərəfindən göstərilən tibbi xidmətlərə normativlər tətbiq olunur. Normativlər tibb müəssisələrində çalışan həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir. Həkimlər tərəfindən normativlərin aşağı həddini aşaraq göstərilən hər növbəti tibbi xidmətə gö­rə əmək haqlarına normativlərlə bağlı əlavələr tətbiq olunur (mü­kafat). Normativlərin yuxarı həddini aşaraq göstərilən növbəti tibbi xidmətə gö­rə normativlərlə bağlı əlavələr ödənilmir.

-İTS sisteminin ölkə üzrə tətbiqi necə və nə vaxt həyata keçiriləcək?

- Pilot layihənin nəticələri onu deməyə əsas verir ki, dövlət tibb müəssisələrinin İTS-nin tətbiqinə hazırlanması çox vacibdir. Bunu nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı yol xəritəsi hazırlanıb. Hazırda yol xəritəsi mü­vafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə yol xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd olunduğu kimi, növbəti ildən etibarən icbari tibbi sığortanın bü­tün ölkədə tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində hazırlıq işlərinə başlanılacaq. İTS-nin ölkə üzrə tətbiqi üçün dövlət tibb müəssisələri publik hü­quqi şəxslərə çevrilməli, ilkin səhiyyə xidməti qurulmalı, xidmət əsaslı ödənişə keçid üçün qeydiyyat sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılmalıdır. Bu prosesin yekununda icbari tibbi sığorta ölkə üzrə tətbiq olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)