Azərbaycandakı ən gözəl - 10 ŞƏLALƏ+VİDEO
Səyahətçilər müxtəlifdir, bəziləri meqapolisləri sevdiyi halda, bir qismi təbiəti, kiçik koloritli kəndləri sevir. Təbiətdən ilham alan səyyahların ən sevimli dayanacaqları arasında mütləq olan şəlalələrdir. Yuxarıdan tökülən fasiləsiz su axınını seyr etmək o qədər zövqvericidir ki, insan təbiətə vurğunluğunu göstərməyə bilməz. Beləliklə Azərbaycanın ən gözəl 10 şəlaləsini və onlara aid videoları təqdim edirik.
Qalacıq şəlaləsi, İsmayıllı
İsmayıllının Qalacıq kəndində - dağlar qoynunda qala quran Qalacıqda yerləşir. İsmayıllı rayonun 28 km şimal-qərb istiqamətində sonuncu yaşayış məntəqəsi olan Qalacıqda düşürsünüz. Burada Şahdağ Milli Parkı yerləşir. Kəndin hər iki tərəfindən uçqun və yarğanların arasında güclü dağ çayı axır. Burada göz oxşayan şəlalə ilə yanaşı, çoxlu sayda sərin bulaqlar və tarixi baxımdan görməli yerlər vardır.
Buradan şəlaləyə doğru 3,5 km məsafəni piyada qət etməlisiniz. Yol boyu gördüyünüz mənzərələr o qədər gözəldir ki, yorulmayacaqsınız. Şəlalə dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir.
google maps-də: https://goo.gl/maps/PrFpep31edFPThay7
Çayqovuşan, İsmayıllı
İndi isə bir neçə dağ çayının qovuşduğu məkana – Çayqovuşana baş çəkək. 30 metr yüksəklikdən tökülən Çayqovuşan şəlaləsi İsmayıllı rayonunun Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin yaxınlığında yerləşir. Şəlalə birbaşa çaya tökülən kiçik və yüksəklikdə yerləşən nisbətən böyük olmaqla iki hissədən ibarətdir. Meşənin özünəməxsus sakitliyi şəlalənin əzəmətini daha da artırır. Şəlalənin yaxınlığında adətən bələdçilər dayanır. Onlar əraziyə gələn turistləri atla, yaxud da piyada şəlaləyə aparırlar.Olduqca gözəl təbiətə malik İsmayıllı rayonu ərazisində şəlalər çoxdur. Hündürlüğü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündürükdən axan İstisu və Mədrəsə şəlalələrini misal göstərmək olar. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub minarə forması almış Mədrəsə şəlaləsidir. Bu şəlalə İsmayııl rayonunun Xankəndi kəndində yerləşir.
google maps-də: https://goo.gl/maps/CoTWmaGQ2142XoFi7
Afurca şəlaləsi, Quba
Azərbaycandakı ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvəliçay üzərində yerləşən məşhur Afurca şəlaləsidir. Bu şəlalə dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. Təxminən 75 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir. Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Beləliklə, sizin avtomobillə yolunuz Afurca kəndinin şəlaləyə yaxın hissəsində bitir. Buradan şəlaləyə piyada qalxmalısınız. Dağdan tökülən ağappaq şəlalənin gözəlliyinə tamaşa etmək və onun ətrafında dincəlmək üçün meşədən keçən 200 metr yolu qət etmək lazımdır. Şimal bölgəsinin ən məşhur şəlaləsi olan Afurca Vəlvələ çayının Təngə dağından axan hissəsidir.
google maps-də: https://goo.gl/maps/Xmyr2nj1cdST93qD6
Ləzə şəlaləsi, Qusar
Bu şəlalənin adı Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.
Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir. Avtomobillə son dayanacaq Şəlalə kafesinin yanındadır. Buradan yuxarı isə piyada qalxmaq lazımdır.
google maps-də: https://goo.gl/maps/TPjH8EJooiSAJJhu9
Katex Şəlaləsi, Balakən
Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazi isə möhtəşəmdir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs edər.
google maps-də: https://goo.gl/maps/aNCGNiAsotoNhq1N7
Yeddi Gözəl şəlaləsi, Qəbələ
Burada yeddi şəlalə olmasa da yeddi pilləkən var və bu pilləkənlərlə dağa çıxmaq olar. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur.
Vəndam qəsəbəsinə çatdıqdan sonra "Yeddi gözəl" şəlaləsinə dörd kilometr yol getmək lazım gəlir. Bu da onunla əlaqədardır ki, "Yeddi gözəl" şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Şəlaləyə baxmağa hər il on minlərlə turist gəlir.
google maps-də: https://goo.gl/maps/LbFLzpeUJecu2myQ7
İlisu şəlaləsi, Qax
Qax rayonundakı İlisu şəlaləsi isə tamam başqa bir aləmdir. Ona çatmaq üçün ən azı 40 dəqiqəlik yolu piyada qət etməlisiniz. Şəlalənin hündürlüyü təxminən 25 metrdir. Avtomobillə buraya - https://goo.gl/maps/uAFFpHpxRSxtS8Gm6 kimi gedə bilərsiniz. Orada maşını saxlayıb əsasən "Niva"larla şəlaləyə qalxırlar. Gəzə-gəzə piyada da qalxmaq olar və təxminən 20-30 dəqiqə çəkir.
https://goo.gl/maps/RahzfrwwBemK8D2G6
Yardımlı şəlaləsi
İndi isə gözəl məmləkətimizin cənubuna gedək – Yardımlı şəlaləsi. Bu şəlalə Dağlıq Talışda, Viləşçayın hövzəsində, Yardımlı rayon mərkəzinin yaxınlığında yerləşir. Şəlalə Masallı-Yardımlı yolunun 25-ci kilometrində yerləşir. 34 metr yüksəklikdən tökülən şəlalə iki mərtəbədən ibarətdir. Şəlalənin ətəyində istirahət mərkəzi qurulub və yuxarı qalxmaq yarım saat vaxt apara bilər.
Şəlalə zirvəsi dəniz səviyəsindən 1500 metr yüksəklikdə yerləşdiyi üçün buradan gözətçi məntəqəsi kimi də istifadə edilib. Keçmişdə meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün şəlalə yerləşən ərazini "tək dam" deyə çağırıblar.
https://goo.gl/maps/gtE89BoVjcUEasxn7
Sım şəlaləsi, Astara
Yardımlıya kimi gəlmisinizsə, Astaranın Sım kəndində olmadan geri qayıtmayın! Kənddə yerləşən şəlalələr insanı valeh edir. Bu əsrarəngiz kənddə dörd şəlalə var, hər biri də bir-birindən gözəl. Demək, Astaranın Ərçivan kəndindən Sım kəndinə 25 km-dir. Yolun çox hissəsi torpaq yoldur. Sım kəndindən Şəlaləyə yol isə 550 metrdir və oraya ancaq "Niva"larla getmək mümkündür.
https://goo.gl/maps/3iSVKnp9dgp7KrtK6