“Orta dəhlizin, Azərbaycanın və Türkiyənin mövqeyinin əhəmiyyəti artır”
“Son zamanlar Asiya və Orta Asiyada məhsulların Rusiya üzərindən Avropa bazarlarına çatdırılması xüsusilə Ukrayna ilə müharibə səbəbindən çətin və qeyri-mümkün görünür. Buna görə də Orta dəhlizin və Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeyinin əhəmiyyəti artır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Ankara qarşıdakı dövrdə Gürcüstanı da belə görüşlərə qatmaq istəyir.
“Biz logistika və enerji sahəsində birgə işləməliyik. Bu, regionumuzun iqtisadi inkişafı və sabitliyi, beynəlxalq bazarlar baxımından əhəmiyyətli və regionumuzun enerji bazasına çevrilməsi baxımından son dərəcə vacibdir”, – Çavuşoğlu deyib.
Bir neçə gün əvvəl Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirləri toplantısının keçirildiyini qeyd edən Çavuşoğlu bildirib ki, avqustun 2-də Türkiyə-Azərbaycan-Özbəkistan toplantısı təşkil olunacaq.