Azərbaycandakı "Avropa bankı" ümidsiz borclarını almağa başalyıb - HESABAT
Azərbaycanda yerli Avropa bankı kimi çıxış edən AccessBank ümidsiz borcları “diriltməyi” bacarıb. Bank ötən altı ayda 5 milyon 245 min manat borcunu geri alıb. Bankın əməliyyat aktivlərində 60 milyon manatlıq bir artım var. Öhdəliklərində artım isə 68 milyon manatı keçir və burada depozit portfelinin yüksəlməsinin xüsusi payı var.
Başqa qurumlardakı depozitini geri çəkib
Beləliklə, bankın maliyyə vəziyyəti hesabatına görə, 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 7,6% artıraraq 1 milyard 3,496 milyon manata çatdırıb. Bunun 71%-ni kredit portfeli tutur və iyunun 30-na bankın kredit portfeli 712,491 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, 12,6% portfeldə artım var.
Kreditlərin bölgüsünə baxsaq, 584,036 milyon manatını biznes kreditləri tutur. Xüsusən də kiçik və orta biznes kreditləri üzrə təcrübəsi olan bank bu sahədə 8,3% artım əldə edib. Ən böyük pullar isə istehlak kreditlərinə yönəlib. Bank bu qəbldən müştərilərinə 122,545 milyon manat borc verib ki, bu da 42,1% artım deməkdir. Bank aktivlərinin 148 milyon manatını nağd, 49 milyon manatını isə qiymətli kağızlarda saxlayır. Görünür ki, bank digər maliyyə qurumlarındakı depozitlərini geri çəkərək, daha çox qazanc götürmək məqsədilə aktiv kreditləşməyə yönəldib. Təkcə aprel-iyun aylarında bank 17 milyon manat depozitini geri çəkib.
Əmanət portfeli artdı
Bankın öhdəlikləri 911,747 milyon manatdır, yəni öyən 6 ayda 8,2% artım var. Bankın depozit portfeli 13% böyüyərək 779,561 milyon manat olub. Ən çox artım fiziki şəxslərin əmanətlərində qeydə alınıb. Belə ki, ötən altı ayda bu portfel 18,1% artaraq 659,019 milyon manata yüksəlib.
İyulun əvvəlinə bankın kapitalı 91,749 milyon manat (artım 2,6%), nizamnamə kapitalı 258,718 milyon manat (dəyişməmiş) olub. Bankın məcmu kapitalı isə 83 milyon 726.58 min manat, məcmu kapitalın gəlirliliyi 11.34% təşkil edir.
Mənfəət açıqladı
Bank hesabat dövrünü 1 milyon 840 min manat xalis mənfəətlə başa vurub (2021-ci ilin birinci yarısında zərər 2,024 milyon manat təşkil edib). Bankın faiz gəlirləri 64 milyon 55 min manatdır, bunun 62 milyonu kreditlərdən qazanılıb. Faiz xərcləri isə 26 milyon 869 min manatdır ki, depozitlər üzrə faizlərə 23 milyon 728 min manat ödəyib. Bank mümkün zərərlər üçün ehtiyatını bir neçə dəfə artıraraq 5 milyon 115 min manata çatdırıb.
AccessBank Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə ölkənin ilk 10 bankı sırasındadır.
Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory ( 1,27% və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).
ENA Maliyyə qrupu