Azərbaycanda yaxın 5 ildə illik inflyasiya 4±2% intervalında qorunacaq
Yaxın 5 ildə Azərbaycanda Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlıq təmin olunacaq, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək.
ENA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.
"Makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlığı ‒ irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcək. Fiskal sabitlik üçün tənzimləmə çərçivəsi təkmilləşdiriləcək və bu təməl şərtlərlə illik inflyasiya 4±2% intervalında qorunacaq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcək, bu şəraitdə Dövlət Neft Fondunun aktivləri dayanıqlı səviyyədə saxlanılacaq. Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir", - deyə sənəddə qeyd olunub.