TURİZM

Xarici ölkələrdə bir aylıq istirahət neçəyə başa gəlir? – QİYMƏTLƏR

“Yerlilər harada daha ucuz və dadlı yeməklər olduğunu bilirlər. Çünki turistlərin getdikləri brend restoranlarda qiymətlər 50-60 faiz baha olur. Məlumatsız olanda, nəqliyyat xərcləri də çox olur. Ona görə də, hara gedəcəyinizi və hansı nəqliyyatdan istifadə edəcəyinizi öncədən müəyyənləşdirin”.

“Əgər avqustda səyahət edəcəksənsə, bunu ilin əvvəlindən planlaşdırmalısan. Biletlərin qiymətini izləmək, ən ucuz vaxtda almaq lazımdır. 4-5 ay öncə almasanız, baha başa gələcək. Öncədən planlamaq xərclərə 30-40 faiz təsir edir”.

Çox adam xarici səyahətlərini məhz yay aylarına salır. Onların bir qismi səyahətlərini uzun müddət öncədən planlaşdırırlar. Bilet alır, otel sifariş edir, vaxtı gəldiyində də gedəcəyi ölkəyə üz tutur. Ancaq müəyyən səbəblərdən səyahətini öncədən planlaya bilməyənlər də var. Onlar, maksimum bir ay öncədən planlama edə bilirlər. Bəs planlamanı indi etsək, səyahət bizə neçəyə başa gələcək? Quru sərhədlər bağlı olduğu üçün ancaq hava yolları ilə səyahət mümkündür. Bu da təbii ki, istirahəti daha baha edir. Avqust ayında istirahət planlayanlar bir həftəlik səyahət üçün nə qədər pul xərcləməlidirlər? Azərbaycanlıların daha çox səyahət etdikləri ölkələri araşdırmağa çalışdıq.

İlk olaraq qeyd edək ki, avqust ayında araşdırmaya cəlb etdiyimiz ölkələrə heç də istənilən tarix üçün minimum qiymətlərə bilet tapmaq mümkün deyil. Yəni istirahətinizi istədiyiniz deyil, bilet tapdığınız günlərə salmalı olacaqsınız.

Belə ki, Otel xərci

Azərbaycanlıların istirahət üçün üz tutduqları ölkələrin içərisində birinci yeri Türkiyə tutur. Avqust ayı üçün bu ölkəyə bilet almaq istəsəniz, gediş-dönüş bileti minimum 700 manat edəcək. İstirahət üçün Türkiyədə İstanbul, Antalya, Bodrum kimi şəhərlərə daha çox üstünlük verilir. Bodrumda bir nəfərin bir həftəlik otel xərci minimum 700 manatdır. Cütlük gedirsə, bu xərc 900 manatdan yüksək olacaq. Ailəvi gedilirsə, 1300-1400 manat civarında pul lazımdır. İstanbul və Antalyada bir həftəlik otel xərci minimum 400 manat olacaq. Ailəvi gedilirsə, 2 uşaq varsa, bu zaman 600 manatdan başlayan qiymətlərlə qarşılaşacaqsınız. Türkiyədə qidalanmaya sərf edəcəyiniz məbləğ elə Bakıdakı qədər olacaq. Yemək qiymətləri, demək lar ki, eynidir. Amma daha sərfəli qidalanmaq olar, təbii ki, turistik mərkəzlərdən kənarda. Məsələn, İstanbulun turistlərin ən çox olduğu məkanında – Taksimdə 7 manat verəcəyiniz yeməyə bir az kənarda 4 manat da sərf edə bilərsiniz. Türkiyədə bir nəfərin bir həftəlik istirahəti üçün minimum 1500-1600 manat lazımdır.

Gürcüstanda otel ucuzdur, yemək isə…

Gürcüstan da azərbaycanlıların səyahət üçün üz tutduğu populyar ölkələrdəndir. Bu ölkəyə bir nəfərin gediş-dönüş üçün bileti xərci 500 manat olacaq. Tbilisi, Batumi, Kabuleti, Kutaisi kimi şəhərlərdə bir nəfərin bir həftə qalmaq üçün otel xərci minimum 200-250 manat təşkil edir. Cütlük gedirsə, otel xərci, təxminən eyni olur. Digər ərazilərdə 100 manat civarında da 1 həftəlik otel tapmaq mümkündür. Ailəvi gedilirsə, iki otaq lazım olacaqsa, minimum otel qiyməti 300 manat olacaq. Gürcüstanda bir dəfə qidalanma üçün təxminən 7 manat bəs edir. Bu ölkədə 1200-1300 manatla səfəri idarə etmək olar.

Bahalı Rusiya

Rusiyaya bir nəfərin gediş-dönüş bileti 1000 manat edir. Mərkəzi yerlərdə yerləşən 3-4 ulduzlu otellərdə bir nəfərin bir həftəlik otel xərci 400 manatdan başlayacaq. Cütlük gedirsə, bu rəqəm 500-dən, uşaq da varsa, ikinci otaq da götürülsə, 600-dən yuxarı olacaq. Qənaətli büdcə ilə gedibsinizsə, bir dəfə qidalanma üçün 10 manat bəs edər. Hazırda Rusiyada bir nəfərin bir həftəlik istirahəti üçün minimum 2000 manat lazımdır.

Dubayda üstəlik vergi də ödəyirsiniz

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubaya gəlincə, bir nəfərlik gediş-dönüş biletinin qiyməti minimum 700 manatdır. Bir nəfər üçün bir həftəlik otel xərci 400 manatdan başlayır. Cütlük gedirsə, qiymətlər tək adamlıq otel xərci ilə eynidir, amma cüzi fərq də ola bilər. Ailəvi gedilirsə, minimum qiymət 800 manatdır.

Dubayda otel xərcindən əlavə vergi ödənişi də tutulur. Bu rəqəm otellərə görə dəyişir. Bəzi otellərdə vergi məbləği otel qiymətinə yaxın rəqəm olur. Dubayda qida xərcləri bahadır. Bir nəfərlik menyu 12-15 manat arası olacaq. Ərəb şaurması yemək istəsəniz, 15 manat verməlisiniz, ayran, su istəsəniz, əlavə 4-5 manatınız gedəcək. Yəni bir həftəlik səfər üçün minimum 1600-1700 manat gərəkdir. Ancaq daha çox xərcə hazır olmaq lazımdır.

Minimum 4000 manat

Maldiv adalarına səyahət etmək istəyirsinizsə, bunun üçün Azərbaycandan birbaşa uçuş yoxdur. Daha uyğun şəhər olaraq ilk olaraq Dubaya səyahət edirsiniz, oradan da 450-500 dollarlıq biletlə Maldivə uça bilərsiniz. Maldiv adalarına gediş-dönüş bilet xərciniz 1700 manat olacaq.

Adalarda bir nəfərin, yaxud cütlüyün 1 həftə qalmaq üçün otel xərci minimum 600 manat edir. Turistlərin daha çox getdiyi yerlərdə minimum 9000-1000 manat lazım gələcək. Ancaq Maldivin Male hissəsinə gedirsinizsə, bu məbləği 1300 manatdan az hesablamayın. Maldiv adalarına ailəvi gedilirsə, uşaqlar varsa, otel xərci 1200-1300 manatdan çox nəzərdə tutulmalıdır. Qidalanmanın az xərc aparmayacağını öncədən bilməlisiniz. Bir dəfə qidalanma xərci 20 manat olacaq. Bir nəfər qənaətli büdcə ilə gedirsə, 4000 manatla 1 həftəni başa vura bilər.

Şərm əş-Şeyx üçün nə qədər pul lazımdır?

Misirin kurort şəhəri olan Şərm əş-Şeyxə də insanlarımız maraq göstərirlər. Misirə bilet xərci gediş-dönüş üçün 1000 manat edir. Şərm əş-Şeyxdə bir nəfərin 1 həftəlik otel qiymətləri 500-600 manatdan başlayır. İki nəfər gedirsə, tək otaq götürülürsə, minimum 600 manat lazımdır. 4 nəfərlik ailə gedirsə, iki otaq götürülürsə, minimum 900 manat xərcləməli olacaq. Bir dəfə qidalanma üçün minimum 10-12 manat lazım gələcək. Bir nəfər 2500 manatla Şərm əş-Şeyxdə bir həftə istirahət edə bilər.

Turistlər üçün uyğun qiymətə yemək

Avropaya səyahət istəyirsinizsə, Fransa, İtaliya, Almaniya kimi ölkələrə getmək üçün əliniz gərək daha çox cibinizdə olsun. Belə ki, Almaniyaya gediş-dönüş biletinə minimum 1000 manat xərciniz çıxacaq. Tək gedirsinizsə, bir həftə üçün otel xərciniz 600-700 manat olacaq. Cütlüklər gedirsə, minimum 900 manata başa gələcək. Ailənin bir həftə oteldə qalmaq xərci üçün isə 1400-1500 manat tələb olunur. Amma Almaniyanın bölgələrinə görə qiymətlər dəyişir. Yerlərə görə şaurma, dönər qiymətləri 5-10 avro arasındadır. Almaniyada marketlərdə 3-5 avroya hazır sendviçlər satılır. Turistlər buna üstünlük verirlər. Səfər büdcəniz 2500 manatdan azdırsa, yəqin ki, Almaniya istirahət üçün uyğun gəlməyəcək.

4 avroya dönər, 2 avroya 1 dilim…

İtaliyaya gediş-dönüş üçün bilet xərciniz 1300 manat edəcək. İtaliyanın Roma, Milan, Florensiya kimi şəhərlərində bir nəfərin bir həftəlik otel xərci 700 manatdan başlayır. Cütlük gedirsə, Romada, Milanda minimum 750 manata otel sifariş edə bilər. Florensiyada bu rəqəm 900 manatdır. 4 nəfərlik ailə gedirsə, 2 otaq götürülürsə, ən azı 1200 manatınızdan keçməli olacaqsınız.

Bu ölkədə qidalanma xərclərinə gəldikdə, 4 avroya dönər, 2 avroya 1 dilim pizza yemək olar. Restoranda bir pizza yemək üçün isə 8-15 avro arası xərcləməlisiniz. Qismən ucuz restoranda spagetti və bir içkiyə 25 avronuz çıxacaq. Yəqin ki, 3000 manat bu ölkədə bir həftəlik istirahət üçün minimum məbləğ olar.

Otel və bilet 2000 manat

Fransaya avqust ayı üçün ən ucuz gediş bileti 1000 manatdır. Dönüşdə isə 500 manatdan başlayan qiymətlər var. Ümumilikdə, Fransada 1 nəfərin bir həftə qalması üçün 200-300 manatdan başlayan otel qiymətləri görə bilərik. Ancaq bu qiymətlər turistlərin daha çox üz tutduqları şəhərlərə aid deyil. Məsələn, Parisdə bir nəfər bir həftə oteldə qalmaq üçün minimum 800 manatından keçməlidir. İki nəfərlik otel otağı üçün isə 900 manat xərcləmək lazım gələcək. Ailəvi gedilirsə, 2 otaq götürülürsə, minimum 1500 manat lazımdır.

Lion şəhərində bir nəfərin bir həftəlik otel xərci minimum 800 manat təşkil edəcək. İki nəfər üçün isə 900 manat xərcləyəcəksiniz.  Ailəvi gedirsinizsə, 1200 manat lazımdır. Marseldə tək adamın həftəlik otel qiymətləri 1000 manatdan başlayır. İki nəfərlik isə minimum 1200 manatdır. Ailəvi gedilirsə, 2 otaq götürülürsə, 1600-1700 manat xərcləmək lazım gələcək. Fransada da qidalanma xərci İtaliyadakı ilə eynidir. Təxminən 20 faiz yüksək olar. 3500 manatla bir nəfər bir həftə Fransada istirahət edə bilər. Qeyd edək ki, iyul-avqust ayında turist çox olduğu üçün otellərdə sıxlıq olur. Ona görə də minimum qiymətə yer tapmaya bilərsiniz. Ümumilikdə, şəhərdən və otellərdən asılı olaraq qiymətlər dəyişir. Tək gedən adamlar üçün qiymət cəhətdən münasib variant olan hostel variantı də var.

30-40 faiz baha

Səyahət zamanı turizm obyektlərinə daxil olmaq, nəqliyyat və digər xərclər hər kəsin seçiminə görə dəyişir. Turizm eksperti Azər İsmayıl deyir ki, məbləği minimuma endirmək üçün isə öncədən səfərlə bağlı araşdırma etmək lazımdır: “Qidalanma zamanı qənaət etmək üçün yerli insanların üz tutduqları restoranlara getmək lazımdır. Yerli insanlar harada daha ucuz və dadlı yeməklər olduğunu bilirlər. Çünki turistlərin getdikləri brend restoranlarda qiymətlər 50-60 faiz baha olur. Məlumatsız olanda, nəqliyyat da çox pul apara bilir. Ona görə də, hara gedəcəyinizi və bunun üçün hansı nəqliyyatdan istifadə edəcəyinizi öncədən müəyyənləşdirin. Harada qalmağın sizə sərfəli olacağını araşdırıb seçim edin. Elə yerdə qala bilərsiniz ki, nəqliyyat xərciniz çox olar”.

A.İsmayıl qeyd etdi ki, iyul və avqust turistlər üçün ən bahalı aylardır: “Əgər avqustda səyahət edəcəksənsə, bunu ilin əvvəlindən planlaşıdrmalısan. Biletlərin qiymətini izləmək, ən ucuz vaxtda almaq lazımdır. 4-5 ay öncə almasanız, baha başa gələcək. Öncədən planlamaq xərclərə 30-40 faiz təsir edir”.

Qeyd edək ki, turizm şirkətləri də dünyanın əksər ölkələrinə tur-paketlər təklif edirlər. Özü də həmin tur-paketlərdə qiymətlər daha münasibdir. Ancaq yenə də seçim hər kəsin zövqünə və büdcəsinə qalır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)