Bilinməyən hackerlər Çinin 1 milyard vətəndaşının məlumatarını oğurlayıblar
Bloomberg saytının verdiyi məlumata əsasən kimlikləri bilinməyən hackerlər Çinin 1 milyard vətəndaşının məlumatlarını oğurlayıblar. Bu, Şanxay polisinin məlumatlar bazasının hack edilməsi nəticəsində baş verib. Əgər bu məlumatın həqiqətə uyğun olduğu təsdiqlənsə, bu, Çin tarixində ən böyük məlumatlar sızıntısı olacaq. Hackerlər oğurlanmış 23 TB (terabayt) həcmli məlumatlar bazasının satışını reallaşdırmağa çalışırlar. Həmin məlumatlar bazasında çinli vətəndaşların adları, ünvanları, doğulduqları yerlər, telefon nömrələri, milli identifikatorları və cinayət işləri barəsində məlumatlar var. Hackerlər bu böyük həcmli məlumatlar bazasını 10 bitcoinə satırlar. Bu isə indiki məzənnəyə əsasən təqribi olaraq 200.000$ deməkdir.
Məlumatlar bazasının satılması barəsində elan Çinin yerli darknet forumlarından birində ortaya çıxıb. Şanxay təmsilçiləri isə öz növbələrində bu məlumat sızıntısı ilə bağlı xəbərə heç bir reaksiya verməyib. Polis təmsilçiləri və Çinin kiberməkan üzrə məsələlər ilə bağlı idarəsi bu hadisəyə heç bir fikir bildirməyiblər. Qeyd etmək lazımdır ki, kiberməkan üzrə məsələlər ilə bağlı idarə Çinin internet sahəsinin əsas nizamlayıcı orqanıdır. Ən böyük kriptovalyuta birjalarından biri olan Binance-nin yaradıcısı və direktoru olan Zhao Changpeng öz Twitter hesabında bildirib ki, onun şirkəti Asiya ölkələrindən birinin 1 milyard vətəndaşının məlumatlar sızıntısını aşkar edib. Lakin öz tweetində o, söhbətin hansı ölkədən getdiyi barəsində məlumat verməyib.