Rusiya XİN “RİA Novosti”nin Azərbaycanda bloklanmasına münasibət bildirib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Azərbaycanda “RİA Novosti” agentliyinin bloklanmasına münasibət bildirib.
Zaxarova bu barədə bu gün keçirdiyi brifinqdə danışıb.
“Moskva yaranan problemləri tərəfdaşları ilə ikitərəfli formatda həll edir”, – deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl agentlik Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri Artak Beqlaryan ilə müsahibə yayımladıqdan sonra Azərbaycanda “RİA Novosti” bloklanıb. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğurur. “RİA Novosti” daha sonradan sözügedən müsahibəni saytından silib.