Sosial iqtisadiyyat

Bu tələbləri pozan şəxslər cərimələnəcək

İstilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsinə görə yeni cərimələr müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, istilik paylayıcısının səlahiyyətli şəxsinin qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)