Rəqabət Məcəlləsinin qəbulunu yubadan məmurlar kimlərdir?
“Azərbaycanda islahatların dərinləşdirilməsi üçün zəruri olan hüquqi bazalardan biri də Rəqabət Məcəlləsidir. Artıq illərdir qəbulu gecikən Rəqabət Məcəlləsinin payız sessiyasında Milli Məclisdə müzakirəsi gözlənilir. Bu, Azərbaycanın biznes mühitində çox şeyi dəyişəcək”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bu, Azərbaycanda haqlı rəqabətin təmin edilməsi, daxili bazarda monopoliya və inhisarçılığın qarşısının alınması üçün vacib məcəllədir:
"Qəbul olunacağı halda, qiymət bazarına da öz təsirini göstərəcək. Demirəm ki, qiymətlər ucuzlaşacaq. Amma istənilən halda müsbət göstəricilər olacaq. Sahibkarların əl-qolu açılacaq, haqsız deyil, azad rəqabət təmin ediləcək”.
Hər sahənin monopolistlərinin olduğunu deyən V. Əhmədovun sözlərinə görə, məcəllə qəbul olunandan sonra müəyyənləşdiriləcək ki, bazarda kimin nə qədər payı var:
"Hansısa bir şirkətin daxili bazarda payı müəyyən faizə çatanda monopoliya yaranmasın deyə, məhdudiyyət qoyulacaq. Digər şirkətlərə şərait yaradılması, rəqabətin təmin edilməsi üçün addım atılacaq. Rəqabət Məcəlləsini qəbul etsək, onun normal icrasını həyata keçirə bilsək, idxaldan asılılığın azalmasına da imkan yaradacaq. Ümumiyyətlə bu məcəllə bütün sahələrə təsir edəcək”.
Parlamentari illərdir bu Məcəllənin qəbuluna mane olan vəzifə sahiblərinin olduğunu istisna etməyib: "Müxtəlif sahələrdə monopolistləşən məmurlar hamıya bəllidir".
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ 3-cü oxunuşa təqdim edilməyib.
Bu il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən beynəlxalq təcrübəyə əsaslanmaqla Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.