Sosial iqtisadiyyat

Azərbaycanın “Açıq Büdcə İndeksi” üzrə mövqeyi yüksəlib

Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən açıqlanan “Açıq Büdcə İndeksi-2021″ hesabatında Azərbaycan 100 mümkün baldan 57 bal toplamaqla 120 ölkə arasında mövqeyini 81-ci yerdən 44-cü yerə yüksəldib.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, son dərc olunan Açıq Büdcə İndeksində Azərbaycanın nəticələri öncəki sorğuya nəzərən 22 bal artaraq dünya üzrə orta göstəricidən (45 bal) 12 bal yuxarıda qərarlaşıb. Eyni zamanda, Azərbaycan Açıq Büdcə İndeksi reytinqi üzrə ən çox irəliləyən ölkələr sırasındadır (39 pillə irəliləyiş).

Bildirilib ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir.

Xatırladaq ki, büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri olan Açıq Büdcə Sorğusu üzrə hesabat hər iki ildən bir ABŞ-da yerləşən Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) Təşkilatı tərəfindən hazırlanır və dərc olunur. Sorğuda qiymətləndirilməsi nəzərdə tutulan 145 sualdan 109-u büdcə məlumatlarının ictimaiyyətə açıqlığını (Açıq Büdcə İndeksi), 18-i ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə Parlamentin (Milli Məclis) və ali audit orqanının (Hesablama Palatası) bu sahədə rolunu dəyərləndirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)