Türkiyə Azərbaycanın hərbi gəmilərində yeni döyüş idarəetmə sistemi tətbiq edəcək
HAVELSAN şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladıqları “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni inşa edilən dəniz patrul gəmilərində istifadə etməyi hədəf seçib.
ENA.az xəbər verir ki, bu barədə Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar bildirib.
"Danışıqları yekunlaşdırdıq, Türkiyədə istifadə olunan sistemləri nümayiş etdirdik. Mövcud gəmilərin modernləşdirilməsi üçün danışıqlar aparırıq. “Advent” ilə Azərbaycanın Hərbi Dəniz Qüvvələri müasir və üstün döyüş idarəetmə sisteminə sahib olacaq”, - o deyib.
Nacar bu il Azərbaycan üçün ixrac və biznesin inkişafı fəaliyyətlərinin daha da intensivləşəcəyini bildirib: "İllərdir Türkiyə Silahlı Qüvvələrinə təqdim etdiyimiz yüksək texnologiyalı məhsul və həllərimizi dost və qardaş ölkə Azərbaycanın müvafiq qurumlarının xidmətinə təqdim etmək istəyirik”.
Mehmet Akif Nacar vurğulayıb ki, təhlükəsizlik sistemləri həlləri çərçivəsində HAVELSAN tərəfindən hazırlanan barmaq izi tanıma sistemi ilə Türkiyə dünyada öz imkanları ilə biometrik məlumat sistemini inkişaf etdirən 7-ci ölkə olub.