Bank

Azərbaycanın maliyyə sektorunda kifayət qədər maraqlı dəyişiklər gözlənilir

Həm COVID-19 pandemiyası, həm də Ukraynada müharibənin yaratdığı şok effekti əlverişsiz şəraitdə iqtisadiyyata dəstək göstərilməsi üçün etibarlı maliyyə sisteminin necə mühüm rol oynadığını göstərib. Buna görə də bütün dünyada qərarların qəbul edilməsində məsuliyyəti məhz tənzimləyici orqanlar daşıyırlar. Onlar təkcə maliyyə sektoruna deyil, həm də bütövlükdə makroiqtisadi vəziyyətə multiplikativ təsir göstərirlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin yeni sədri Taleh Kazımov bu vəzifədə keçirdiyi ilk mətbuat konfransında maliyyə sektorunu kifayət qədər maraqlı inkişaf yolu gözlədiyini bəyan edib. O, bu sahə ilə bağlı məsələləri ölkədə fəaliyyət göstərən maliyyə banklarının rəhbərləri ilə müzakirə edib. T.Kazımov görüşdə qeyd edib ki, Azərbaycanın bank sektorunun qarşısında orta və uzunmüddətli perspektivdə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, ölkə iqtisadiyyatının və digər prioritet istiqamətlərin inkişafına dəstək vermək vəzifəsi durur.

 

Sanksiya təzyiqi

COVID-19 və Ukrayna böhranı üzündən təkcə regionda deyil, bütün dünyada iqtisadiyyatın bütün sahələrində gərgin vəziyyət davam edir. Təbii ki, maliyyə-bank sektoru da güclü xarici təsir altındadır. Belə ki, Rusiyanın böyük banklarına qarşı sanksiyalar onlarla sıx əməkdaşlıq edən Azərbaycan banklarının fəaliyyətinə də təsir etməyə bilməzdi.

Bu məqamda xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri Rusiyanın 20 bankına qarşı müxtəlif sanksiyalar tətbiq edilib. Ən böyük sanksiyalara misal olaraq, bu ölkənin bəzi banklarının SWIFT-dən (məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistem) xaric edilməsini, ABŞ-dakı aktivlərin dondurulmasını, amerikalı kontragentlə dollarla hesablaşmaların, həmçinin bankların brokerlər vasitəsilə xarici səhmlərin və valyutaların alışına qadağa qoyulmasını göstərmək olar. Üstəlik, Moskvaya qarşı altıncı sanksiyalar paketində banklarla bağlı ayrıca bənd var.

Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, “biz nəhayət “Sberbank”ı SWIFT-dən ayırırıq. “Sberbank” Rusiyanın ən böyük bankıdır. Bu ölkənin bank sektorunun, təxminən, 37%-i məhz bu bankın payına düşür. Lakin biz Rusiyanın digər banklarını da SWIFT-dən xaric edəcəyik”. Onun sözlərinə görə, bu tədbir Rusiyanın maliyyə sistemi üçün mühüm əhəmiyyət kəsb edən banklara zərbə vuracaq.

Bəs, bu sanksiyalar Azərbaycan banklarına necə təsir göstərə bilər? Ölkənin maliyyə sektorunda çalışan şəxslər qeyd edirlər ki, Rusiyaya qarşı sanksiyalarla əlaqədar olaraq, hazırda 5-6 bankdan başqa, digər bankların fəaliyyətində çətinliklər yaranıb. Məsələn, Avstriyanın “Raiffeisen” bankı (hazırda Azərbaycan banklarının müxbir hesablarının əksəriyyəti bu bankdadır) hətta sanksiyalara məruz qalmayan Rusiya banklarına belə, dollar və avro ilə pul köçürmələrinə icazə vermir. Eyni zamanda Rusiya bankları da dollar ilə köçürmələri qəbul etmir. Hazırda onlar yalnız rublla köçürmələri qəbul edirlər. Ümumiyyətlə, bankirlərin fikrincə, indi belə vəziyyət Azərbaycanın 20-yə yaxın bankında müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanovun sözlərinə görə, Mərkəzi Bank Qərbin Rusiya banklarına qarşı sanksiyalarının Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinə təsirini təhlil edir və qiymətləndirir. Belə ki, indi banklarla vəziyyət təhlil edilir, hökumətlərarası komissiyalar çərçivəsində danışıqlar daxil olmaqla, müvafiq qurumlarla müzakirələr aparılır.

Beləliklə, Azərbaycan Mərkəzi Bankı əmindir ki, hazırda ölkədə banklararası hesablaşmalar üçün heç bir təhlükə yoxdur. Yalnız müxbir hesablar üzrə xidmət göstərən xarici bankların uyğunluq (Compliance) şərtlərini sərtləşdirməsi üzündən ödənişlərin həyata keçirilməsində gecikmələr yaranır.

“Bütövlükdə banklararası hesablaşmalarda heç bir problem yoxdur”, - deyə Azərbaycan Mərkəzi Bankının baş direktoru vurğulayıb.

 

Bankların imkanları artır

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda maliyyə sabitliyi göstəricilərini yüksək səviyyədə qiymətləndirir. Bu zaman o, müxtəlif göstəriciləri əsas gətirir. Söhbət ani likvidlik əmsalı və məcmu kapitalının səviyyəsindən gedir. Bunlarla bağlı göstəricilər normativ tələblərdən düz iki dəfə çoxdur.

Bu məqamda qeyd edək ki, son 8 ildə ölkənin bank sisteminin likvidliyi 4,3 dəfə artıb. 2021-ci ildə bu göstərici, təxminən, 14 milyard manat olub. Bu, 2020-ci ilin göstəricilərindən 31,8% çoxdur. Yeri gəlmişkən, ötən il likvid aktivlər Azərbaycanın bank sisteminin aktivlərinin 36,1%-ni (2020-ci ildə 32,8%) təşkil edib.

Amma hazırda bank sektorunda problemlər mövcuddur. İndi bank sektoru ümid edir ki, bu problemlər tənzimləyici qurumun yeni rəhbərinin səyləri sayəsində həll ediləcək.

“Mənim bank sektoru üzrə böyük təcrübəm var və bank sektorunu gözəl tanıyıram, çətinliklərini, çağırışları yaxşı bilirəm”, - deyə Taleh Kazımov jurnalistlərə açıqlamasında bildirib.

O, Mərkəzi Bankın rəqabətliliyinin artırılması istiqamətində də aktiv işlər aparacağını vurğulayıb: “Bu gün ölkə bankları bazarda institusional inkişaf, korporativ idarəetmə baxımından fərqlənirlər. Biz təkcə bank sektorunda deyil, həmçinin sığorta sektorunda və qiymətli kağızlar bazarında da rəqabətliliyin artırılması üçün tələb olunan addımları atacağıq və bunda maraqlıyıq”.

Tənzimləyici qurum tərəfindən risklərin idarə edilməsi səviyyəsi, biznes modeli, korporativ idarəetmənin təhlili aparılacaq. Bunun əsasında bankların sosial xidmətlərə çıxış imkanları genişləndiriləcək. Əslində, məhdud sayda bankın bu sahədə inhisarçı mövqeyi bazarda narazılıq yaradır.

Bu gün bank sektorunu maraqlandıran məsələlərdən biri də zəif bankların sağlamlaşdırılması və məcmu kapital üçün minimum tələbin artırılması ilə bağlı qərarın qəbul edilməsidir. Xatırladaq ki, sonuncu dəfə bankların kapitallaşmasına dair tələblər düz 8 il əvvəl qaldırılıb. 2014-cü il yanvarın 1-dən mövcud bankların məcmu kapitalının, həmçinin yeni yaradılan bankların nizamnamə kapitalının minimum məbləği 10 milyon manatdan 50 milyon manatadək artırılıb. Taleh Kazımov isə əmin edib ki, Azərbaycan Mərkəzi Bankı lazım olacağı təqdirdə, bu addımı atacaq. İndiki məqamda maliyyə sektoru ilə bağlı hüquqi bazanın yenilənməsi üçün dərin təhlil və iş aparılacaq.

Bundan əlavə, hazırda bazarın təkmilləşdirilməsi və onun iqtisadiyyatda iştirakının genişləndirilməsi məqsədilə yeni maliyyə alətlərinin tətbiqi müzakirə olunur. Bu məqsədlə xüsusilə, manatın gəlirliyinin təmin edilməsinə üstünlük veriləcək.

Bu arada, bu gün Azərbaycan bank xidmətləri istehlakçıları üçün ən ağrılı problem yüksək kredit faizləridir. Bu məsələyə gəlincə, Mərkəzi Bank bu problemin həlli üzərində çalışacağını vəd edir. Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüqar Əhmədov isə qeyd edib ki, hazırda faiz dərəcələri pul siyasətinin vacib istiqamətlərindən biridir və bu gün bununla bağlı monitorinq və təhlillər aparılır, təkliflər hazırlanır.

Mərkəzi Bankın həyata keçirəcəyi tədbirlərdən biri banklararası bazarın aktivləşdirilməsi olacaq. Bu isə öz növbəsində banklarla müştərilər arasında münasibətlərin, həmçinin kreditləşmənin nizamlanmasına kömək edəcək.

“Ümumiyyətlə, Azərbaycan Mərkəzi Bankının əsas məqsədi qiymətin sabitliyidir. Bu, kredit faizlərinin azaldılması və ya artırılmasının tənzimlənməsinə töhfə verir. Bu məqsədlə 2018-ci ildən uçot dərəcəsi azaldılıb və indi uçot dərəcəsi 7,75%-ə çatıb. Bu isə həm fiziki, həm də hüquqi şəxslər üçün kredit faizlərini azaltmağa imkan verir. 8 il ərzində fiziki şəxslər üçün kreditlər üzrə faiz dərəcələri 2-3 faiz bənd, hüquqi şəxslər üçün isə təxminən 5% bənd azalıb. Əgər pul bazasında baş verən dəyişikliklərə nəzər yetirsək, o, 2018-ci ildən 65% artıb. Bu, iqtisadiyyatın kreditləşdirilməsini genişləndirməyə imkan verir”, - deyə V.Əhmədov bildirib.

 

Əsas məsələ təhlükəsizlikdir

Böhranlar bank sahəsində innovasiyaların və yeni texnologiyaların rolunun artırılmasını zəruri edib. COVID-19 pandemiyası şəraitində əsas diqqət məsafədən iş rejimi ilə bağlı olan texnologiyalara yetirilib. Ukraynadakı müharibə fonunda isə bank sektorunda əsas diqqət operativ məlumatların toplanılması, ötürülməsi və təhlilinə, həmçinin atılan addımların koordinasiyası üçün real vaxt rejimində təlimatların qəbul edilməsi və ötürülməsinə yönəldilib.

Bu mənada informasiya texnologiyaları və kommunikasiyaların inkişafı strateji məsələdir. Odur ki, yeni, daha səmərəli və təhlükəsiz texnologiyaların tətbiq edilməsi bank biznesinin uğur qazanması üçün həyati əhəmiyyət kəsb edir. Bu, informasiya sistemlərinin və kommunikasiya kanallarının təhlükəsizliyinin təmin edilməsi, kiber risklərə qarşı mübarizə, həmçinin bu vasitələrdən istifadə etmək üçün yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində tədbirlərin görülməsi deməkdir.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı da bu proseslərdən kənarda qalmır. Bu ilin aprelin 1-dən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” qüvvəyə minib. “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin İnformasiya Təhlükəsizliyi Qrupunun rəhbəri İlqar Əliyev bildirib ki, bu Qaydanın tələblərinə əsasən, rəqəmsal proseslər üzrə struktur dəyişikliklər həyata keçirilir: “Səlahiyyət bölgüsü, nəzarət alətlərinin əldə edilməsi, risk menecmenti və monitorinq sistemlərinin tətbiqi gözlənilir”.

İ.Əliyev əlavə edib ki, biznes prosesləri də bu dəyişikliklərə uyğunlaşdırılacaq: “Banklar isə kibertəhlükəsizlik alətləri tətbiq edirlər ki, Mərkəzi Bankın tələblərinə uyğunlaşsınlar”.

Bir sözlə, “hər bir böhran fürsət gətirir” fikri yenidən aktuallaşır. Hazırda tənzimləyici qurum çətin xarici konyunkturu və yaxın tərəfdaşlarında mənfi tendensiyaları nəzərə alaraq addımlar atır. Bu tədbirlər bazar iştirakçıları üçün həyati əhəmiyyət kəsb edə bilər. Amma bazar iştirakçılarının qlobal maliyyə sahəsində sürətlə cərəyan edən hadisələr fonunda “talelərindən” razı qalıb-qalmayacağını zaman göstərəcək.

regionplus

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)