Böyük Britaniya Azərbaycandan neft alışını kəskin artırıb
Böyük Britaniya iki aylıq fasilədən sonra Azərbaycandan neft alışını bərpa etdirib.
ENA.az xəbər verir ki, 2022-ci ilin aprel ayında Azərbaycandan Böyük Britaniyaya 2.28 mln. barrel neft satıb. Bu neftin hər bir barreli orta qiymətlə 116 dollara alınıb və ümumilikdə ölkəyə 265.48 mln. dollar həcmində valyuta daxil olub. Bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
2022-ci ilin yanvarında Britaniya Azərbaycandan 1.61 mln. barrel neft alsa da sonradan – fevral və mart aylarında alışı tam dayandırmışdı.
Aprel ayında ümumi ixrac olunan neftin alış payında B.Britaniya ikinci ən böyük müştəri olub. Onun ümumi aprel üzrə ixracda payı 8.5% olub.
İsveçrə və Xorvatiya isə 2022-ci ildə ilk dəfə Azərbaycandan neft almağa başlayıb. Belə ki, İsveçrə aprel ayında 665 920 barrel həcmində ( 76.08 mln. dollar) və Xorvatiya 675 858 barrel həcmində (78.13 mln. dollar) xam neft alıb.
Azərbaycan xaricə ümumilikdə 26.74 mln. barrel xam nefti 2 mlrd. 864.6 mln. dollara satıb ki, bu da hər barelinin 107 dollardan baha olması anlamına gəlir.