Birja

Macarıstan dəstəkləməyəcəyi təqdirdə Rusiya neftinə qoyulan qadağa "suya düşəcək": neft isə bahalaşır

Neft qiymətləri Rusiyadan Avropanın neft embarqosunun perspektivləri ilə bağlı qeyri-müəyyənlik, həmçinin COVID-19 hallarının azalmağa başladığı Çindəki vəziyyət fonunda artmağa davam edir.

“Bloomberg” avropalı diplomatlara istinadən yazır ki, bəzi Aİ ölkələri hesab edir ki, Macarıstan tərəfindən dəstəklənməyəcəyi təqdirdə Rusiya neftinin idxalına qoyulan qadağanın təxirə salınması imkanını nəzərdən keçirmək lazımdır.

Beynəlxalq Enerji Agentliyi (BEA) hesab edir ki, Rusiya neftinin dünya bazarında tədarükünün azalması ilin ikinci yarısında sutkada 3 milyon barrelə çata bilər. Aprel ayında Rusiyada neft hasilatının sutkada təxminən 1 milyon barel azalması qlobal tədarükün sutkada 710 min barel azalaraq 98,1 milyon barelə qədər düşməsinə səbəb olub. 

Londonun ICE Futures birjasında bugün saat 9:15-ə Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 109,34 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,89 dollar (1,76%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 107,71 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,58 dollar (1,49%) çoxdur. 

Neft bazarına təzyiq dünya mərkəzi banklarının pul siyasətinin sürətlə sərtləşdirilməsinin iqtisadi tənəzzülə və müvafiq olaraq enerji resurslarına tələbatın azalmasına səbəb olacağı qorxusundan irəli gəlir.

Market Watch-un sitat gətirdiyi Saxo Bank-ın əmtəə sektoru üzrə analitiki Ole Hansen, "Bazarın diqqəti həm Çindəki qapanmalara, həm də yüksək inflyasiya səbəbindən iqtisadiyyatda tənəzzül risklərinə yönəlib", - deyib.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)