Eyni Whatsapp hesabını 2 fərqli smartfonda işə salmaq mümkün olacaq
Keçən ilin iyul ayında Whatsapp-da ən çox tələb edilmiş funksiyalardan biri təqdim edilmişdi. Söhbət, 4 fərqli cihaz vasitəsilə 1 istifadəçi hesabından idarədən gedir. Sözügedən funksiya 4 fərqli cihazda məşhur messencerdən istifadə imkanını versə də, bir nüans var. Belə ki, dəstəklənən cihazlar arasında ikinci smartfon yoxdur. Məsələ burasındadır ki, istifadəçi öz smartfonundan əlavə olaraq Whatsapp hesabını messencerin veb versiyasında və kompüter ilə Facebook Portal adlı smart ekran üçün nəzərdə tutulmuş tətbiqində istifadə edə bilər. Lakin yaxın zamanda bu problem aradan qaldırılacaq. Belə ki, WABetaInfo saytının verdiyi məlumata əsasən Whatsapp tərtibatçıları messencerdəki hesabın bir neçə cihazda dəstəklənməsi imkanının genişləndirilməsi üzərində çalışır.
Məlumatda qeyd edilib ki, Whatsapp-ın test versiyalarında bir istifadəçi hesabına ikinci smartfonun dəstəyinin əlavə edilməsi interfeysi artıq ortaya çıxıb. Həmin interfeys istifadəçinin öz hesabı vasitəsilə ikinci smartfondakı Whatsapp tətbiqinə daxil olmağa cəhd göstərdiyi zaman ortaya çıxacaq. Fotodan da göründüyü kimi bu proses zamanı istifadəçiyə əsas smartfondakı messencerə daxil olmaq və Linked Devices bölməsinə keçid edərək xüsusi QR kodun skan edilməsi təklif ediləcək. Bunu reallaşdırandan sonra isə istifadəçi öz Whatsapp hesabını eyni anda 2 fərqli smartfonda istifadə edə biləcək. Çox güman ki, sözügedən funksiya yaxın zamanda messencerin beta versiyasında aktivləşdiriləcək və daha sonra stabil versiyada istifadəyə veriləcək.