Gündəm

Daha bir rusiyalı milyoner arvadı ilə qızını öldürüb intihar etdi

İspaniyada Rusiyanın qaz hasilatı üzrə nəhəng şirkətlərindən biri “Novatek”in keçmiş top meneceri Sergey Protosenyanın cəsədi aşkar olunub.

ENA.az Rusiya mediasına istinadən xəbər verir ki, milyonerlə yanaşı onun həyat yoldaşının və qızının da cəsədi Barselona yaxınlığında icarəyə götürülmüş villada aşkarlanıb. 

İlkin məlumata görə, 55 yaşlı Protosenya həyat yoldaşı və 15 yaşlı qızını balta və bıçaqla qətlə yetirib, bunun ardınca isə özünü asaraq intihar edib. Cinayət zamanı istifadə olunan alətlər isə milyonerin cəsədinin yanında aşkar edilib.

Hazırda Kataloniya polisi hadisənin üçüncü şəxslər tərəfindən törədilib-törədilmədiyini araşdırır.

Qeyd edək ki, Protosenya “Novatek” şirkətinin keçmiş baş mühasibidir. Onun sərvəti 400 milyon avro olaraq qiymətləndirilir. Milyoner əsasən Fransada yaşayıb və ailəsi ilə İspaniyaya Pasxa ilə bağlı tətil keçirmək üçün yollanıblar.

Xatırladaq ki, aprelin 18-i “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev həyat yoldaşı və uşağını yaşayış binasında qətlə yetirdikdən sonra intihar etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)