Qarabağ

Paşinyan Brüssel görüşündən danışdı: "Ermənistan sülhə hazırdı"

“Brüsseldə keçirilən danışıqlarda tərəflər iki cəbhədə irəliləmək barədə razılığa gəliblər”.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu cümə axşamı baş nazir Nikol Paşinyan hökumətin iclasında Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışarkən deyib.

“Söhbət sərhədin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, eləcə də İrəvanla Bakı arasında sülh danışıqları üçün ilkin şərtlərin formalaşdırılması haqqında razılaşmadan gedir”.

Paşinyan qeyd edib ki, prosesin sonrakı qiymətləndirilməsi razılaşmaların praktiki icrası mərhələsində qeydə alınan nəticələrdən asılıdır.

Hökumət başçısı həmçinin əlavə edib ki, Ermənistan regionda uzunmüddətli sülh erasının açılmasına sadiqdir, lakin başa düşmək lazımdır ki, hər şey ondan asılı deyil.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.
Görüşdən sonra Paşinyan və Əliyev ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)