Bank

Azərbaycanda vaxtında qaytarılmayan borcların həcmi azaldı: kreditlərin strukturu

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2,7% - 17 milyard 587,2 milyon manatadək artıb.  Azərbaycan Mərkəzi Bankının məlumatına görə, fevralın sonuna vaxtı keçmiş kreditlərin həcmi 690,2 milyon manat olub. Bu, bütün kreditlərin 3,9%-ni təşkil edir.

2022-ci il fevralın 28-nə dövlətin payı olan banklar tərəfindən 3 milyard 464,3 milyon manat kredit verilib. Bu 3,9% artım deməkdir və bütün kreditlərin 19,7%-i məhz dövlət banklarının payına düşür. Özəl banklar tərəfindən 2,5% çox, yəni 13 milyard 662,2 milyon manat kredit verilib, bu isə bütün kreditlərin 77,7%-i deməkdir. Qalan 460,7 milyon manat bank olmayan kredit təşkilatlarına məxsusdur. Göründüyü kimi, özəl banklar aktiv kreditləşmə nəticəsində gəlir əldə etməyə çalışırlar, çünki onlar dövlət dəstəyi rıçaklarından mərhumdurlar. 

Mart ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 13 milyard 152,5 milyon manat (artım 3,6%) milli valyuta, 4 milyard 434,7 milyon manat (artım 0,3%) xarici valyuta ilə verilib. Martın əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 0,6% düşərək 25,2% təşkil edir.

Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 39,6 milyon manat və ya bütün kreditlərin 17,3%-i ticarət və xidmət sahələrinin payına düşür. 720,1 milyon manat, yəni 4,1% mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 591,6 milyon manat - 3,4% kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 986,6 milyon manat - 5,7% tikinti və daşınmaz əmlak sahələrinin, 996,6 milyon manat -5,7% sənaye və istehsal sektorunun, 731,6 milyon manat - 4,2% nəqliyyat və rabitə sahələrinin, 8 milyard 948,4 milyon manat - 50,9% ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-fevralda bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 4% artıb. 

Rəqəmlərdən görünür ki, 50,9% ilə ev təsərrüfatları kerditləşmədə liderdir. Bu ilin əvvəlində də bu kateqoriyanın aldığı borcların həcmi artıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)